“Bizi boş-boşuna 2 il süründürdülər” – Video

0
87

İdman Arbitraj Məhkəməsi (CAS) “Qarabağ”ın Mətbuat xidmətinin sabiq rəhbəri Nurlan İbrahimov haqqında UEFA-nın verdiyi futbolla bağlı fəaliyyətinə qadağa qərarını qüvvədə saxladı. Səkkiz dəfə təxirə salınan məhkəmə prosesindən sonra qitə futbol qurumunun çıxardığı ağır cəza yüngülləşdirilmədi.

Maraqlıdır ki, CAS UEFA-nın qərarı ilə bağlı bəndlərin heç birini müzakirə etmədən eynilə cavab olaraq qarşı tərəfə göndərib.

Elə bu məsələlərlə bağlı Nurlan İbrahimovla danışdıq.

“Qafqazinfo”ya müsahibəsində sabiq klub rəsmisi UEFA tərəfindən verilən qərarda yüngülləşdirici halların nəzərə alınmadığını, qitə futbol qurumunun kəsdiyi cəzanın müzakirə edilmədiyini bildirdi: “Əgər bir proses 8 dəfə təxirə salınıbsa, hər hansı dəyişiklik gözlənilir. Biz də bu qədər gecikmədən sonra yüngülləşdirilməsinə ümid edirdik. Müəyyən amillər var idi ki, onlar nəzərə alınmalı idi. Əsas məyusedici amil odur ki, UEFA-nın qərarında heç bir dəyişiklik edilmədən İdman Arbitraj Məhkəməsi onu bizə göndərib. Qərarın verilməsi Vətən müharibəsi zamanı Gəncədə baş verən terror hadisəsinin ildönümü ilə eyni günə düşdü. Bu təsadüfdür, yoxsa yox deyə bilmərəm. Amma mən təsadüfə inanmıram. Sanki bizə subliminal mesaj verirlər. Nə qədər məyus olsaq da, bu, heç nəyi dəyişmir. CAS heç bir dəyişiklik etmədi, boş-boşuna 2 il bizi süründürdü”.

İbrahimov xarici vəkillərin verilən qərara baxıb təəccübləndiyini deyir: “Bir ingilis vəkil qərara baxıb demişdi ki, mən buna təsir edərəm. Amma xidmət haqqı olaraq 100 min funt sterlinq istəmişdi. Ona bildirilmişdi ki, Azərbaycan reallığında bu qiymət çox bahadır. Sonra 50 min funt sterlinqə qədər enmişdi. Amma yenə də bilirsiz ki, bu, böyük məbləğdir. Həmin adam çox nüfuzlu vəkildir və məsələni həll edəcəkdi. Hüquqşünas Fərid Haqverdiyev mənə kömək etdi, əlindən gələni ortaya qoydu. Amma alınmadı”.

Sabiq klub rəsmisi CAS-ın qərarından sonra feysbuk hesabında qızının məktubunu paylaşması barədə də danışıb: “İlk dəfə qızım internetdə araşdıranda bunu görmüşdü. Bu onun 3-cü məktubu idi. Onun “atam 2 ildir əziyyət çəkir, başqası belə güclü ola bilməzdi” cümləsi mənə çox təsir etmişdi. Çox adam düşünürdü ki, oldu, bitdi və həyatıma davam etməliyəm. Amma 9 yaşlı qızım mənim mübarizəmi başa düşürdü. Bu mənə çox təsir edirdi və düşünürdüm ki, övladıma nəsə öyrədə bilmişəm. Bu baxımdan böyük motivasiya idi. Sonradan müəllimi Banuya yazmışdı ki, “səninlə qürur duyuram”. Ona çox sevinmişdi, təsir etmişdi. Ona sarılıb demişdim ki, sənin üçün hər şeyi edəcəm”.

N.İbrahimov artıq yeni işə başladığını da açıqlayıb: “Azərbaycan qonaqpərvərliyini dünyaya tam göstərmək istəyirəm. Bunun üçün bir iş görmək istəyirəm”.

İstinad:”Qafqazinfo”

terefsiz.az