Bu gün futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək

0
278

Bu gün futbol üzrə Azərbaycan Kubokunun final oyunu keçiriləcək.

Terefsiz.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası stadionunda baş tutacaq matçda “Qəbələ” və “Sumqayıt”komandaları üz-üzə gələcəklər.

Nominal meydan sahibi sayılan “qırmızı-qaralar” indiyədək 3 dəfə həlledici görüşə vəsiqə qazansalar da, hamısında uduzublar. Qəbələnin eyni adlı təmsilçisi 2013/2014 mövsümündə “Neftçi”yə (1:1, pen. 2:3), son iki ildə isə “Qarabağ” (0:2) və “Keşlə”yə (0:1) məğlub olub.

“Sumqayıt” isə tarixində ilk dəfə finala adlayıb. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Naxçıvanda zəfər çalarsa, avrokubokda da “siftə” etmiş olacaq. Bu komandaların Premyer Liqanın cari mövsümünə təsadüf edən 4 oyununda tərəflər hərəyə bir dəfə 1:0 hesabı ilə qalib gəlib. Digər iki matçda isə heç-heçə qeydə alınıb – 1:1, 2:2.

“Qəbələ” və “Sumqayıt” kubokda ilk dəfəqarşılaşacaqlar. Premyer Liqada isə geridə qalan 28 oyundan yalnız 3-də “gənclik şəhəri” təmsilçisi qalib gəlib. 17 görüşdə “Qəbələ” üstün olduğu halda, 8 dueldə bərabərlik olub. “Qırmızı-qaralar” top fərqində də öndədirlər – 47:21.

“Sumqayıt” finala qədər “Neftçi” (2:0, 0:1) və “Zirə” (0:0, 3:3) mübarizədən kənarlaşdırıb. “Qəbələ” isə “Sabah”la (1:0, 1:0) “Qarabağ”dan (1:0, 1:2) güclü olub.

Qeyd edək ki, 2018/2019 mövsümündə Premyer Liqanın qalibi “Qarabağ” olub. Ağdam təmsilçisi ölkəni çempionlar Liqasında, gümüş mükafatçı “Neftçi” ilə 3-cü yeri tutan “Səbail” isə Avropa Liqasında təmsil edəcək. Azərbaycan Kubokunun qalibi də son iki komandaya qoşulacaq.

Azərbaycan Kuboku

Final

19 may

17:00. “Qəbələ” – “Sumqayıt”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Səbuhi Bayramov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Naxçıvan Muxtar Respublikası stadionu

Terefsiz.az