Bu gün Milli Qəhrəmanımızın doğum günüdür – FOTO

0
247

Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimovun doğum günüdür.

O, 1953-cü il oktyabr ayının 31-də Azərbaycan Respublikasının Oğuz rayonunun Xaçmaz kəndində müəllim ailəsində anadan olub.

Koroğlu Rəhimov birinci sinfə Yaqublu 7 illik məktəbinə gedib.

Atası İsmayıl Rəhimov 1961-ci ildə öz dədə-baba yurdu olan Ermənistan Respublikasının Zəngibasar mahalının Sarcalar kəndinə köçüb. Milli Qəhrəmanımız orta təhsilini qonşu kənddə – Həbilkənd orta məktəbində alıb. 1969-cu ildə orta təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra o, Bakıya gəlib və Azərbaycan Neft və Kimya İnstitutunun avtomexanika fakültəsinə daxil olub. 1972-ci ildə ordu sıralarına çağırılıb və hərbi xidmətini Almaniya Demokratik Respublikasında başa vurub. Hərbi xidmətdən qayıtdıqdan sonra ali təhsilini tamamlayıb.

1979-cu ildə əmisi qızı Aybəniz xanımla ailə həyatı qurub.

Koroğlu Rəhimovun üç övladı var.

O, əmək fəaliyyətinə Bakı Məişət Kondisionerləri zavodunda başlayıb.

1988-ci ildə azərbaycanlıların Ermənistandan qovulması, 1990-cı ilin “20 Yanvar” hadisələri, 1992-ci ilin fevralın 25-26-da Xocalı soyqırımı Koroğlu Rəhimovu düşməndən qisas almaq, torpaqlarımızı erməni faşistlərindən təmizləmək arzusunu daha da alovlandırıb.

O, könüllü cəbhəyə getməyi qərara alır. 1992-ci il martın 17-də Koroğlu Rəhimov könüllü olaraq Azərbaycan Milli Ordusu sıralarına yazılır.

1992-ci il aprelin 30-da Koroğlu Rəhimov “N” saylı hərbi hissədə 2-ci motoatıcı bölüyün komandiri təyin edilir. Qısa müddət ərzində onun qəhrəmanlığı dillərdə əzbər olur.

Qəhrəmanımız öz arzusu ilə Qarabağın qızğın döyüş gedən cəbhə bölgəsinə gedir. Goranboy rayonunun Buzlaq, Çantaz, Erkəc kəndlərinin azad olunmasında onun başçılıq etdiyi bölük əsil qəhrəmanlıq göstərib. Həmin döyüş zamanı çoxlu düşmən məhv edilib, bir neçəsi əsir götürülüb, xeyli döyüş sursatı ələ keçirilib. Daha sonra Başkənd, Madagiz, Gülüstan kəndlərini də qəhrəman komandir düşməndən azad edib. 1992-ci ilin iyulun 3-də Koroğlunun komandir olduğu bölük Ağdərə istiqamətində hücuma keçir. Bu, Koroğlu Rəhimovun son döyüşü olur.

Ağdərə döyüşlərində də qəhrəmanlıqlar göstərən Koroğlu Rəhimov üçüncü sovxozu da erməni faşistlərindən azad edir.

Qəhrəmancasına həlak olan Koroğlu Rəhimovun ölüm xəbəri hamını sarsıdır. O, Şəhidlər Xiyabanında dəfn edilir.

Şəhid olandan iki il sonra 1994-cü il sentyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə Koroğlu İsmayıl oğlu Rəhimov Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülür.

Koroğlu Rəhimovun keçdiyi döyüş yolu haqqında Abdulla Qurbaninin “Koroğlunun Ağdərə  səfəri”, Əli Qurbaninin “Koroğlular uzaqdan gələn yolda”, Qədir Aslanın “XX əsrin Koroğlusu”, Oqtay Əliyevin “Əbədiyyətə qovuşan Koroğlu”, Sabir Arazlının “Koroğlu” kitabları nəşr olunub.

Eyni zamanda, Milli Qəhraman Koroglu Rəhimov haqqında “20-ci əsrin Koroğlusu” və Azərbaycan Respublikası Mədəniyyət və Turizim Nazirliyinin “Salnamə” film studiyasının “Vətənim Mənim” sənədli filimləri çəkilib.

Bakıdakı küçələrdən biri Koroğlu Rəhimovun adını daşıyır. Koroğlu küçəsindəki Xiyabanda Milli Qəhrəmana abidə ucaldılıb. Eyni zamanda Milli Qəhramanın böyüdüyü Oğuz rayonunda Milli Qəhramanın adını daşıyan küçə var.

Onun oxuduğu məktəb isə hazırda uşaq baxçası kimi fəaliyyət göstərir və Koroğlu Rəhimovun adını daşıyır.

Milli Qəhrəmanımızın adı və qəhrəmanlığı bütün Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq və nəsillərdən-nəsillərə keçəcək.