Bu peşə sahibləri “çipləşdiriləcək”

0
149

Misirin turizm orqanları mehmanxana sektorunda çalışan əməkdaşların elektron məlumat bazasının yaradılması hesabına turistlərin ölkə otellərində olduqları müddətdə təhlükəsizlik səviyyəsini yaxşılaşdırmaq niyyətindədir.

Terefsiz.az xəbər verir ki, bazada əməkdaşların şəxsi məlumatları saxlanılacaq. Məcburi qaydada verilən çipli xüsusi plastik kartlarda zəruri məlumatlar, həmçinin əməkdaşların buraxdığı xətalar və aldığı mükafatlar qeyd olunacaq.

“Misirdə yeni otel standartlarının tətbiqi çərçivəsində otel sahəsində çalışan kadrlarla da bağlı nizam-intizam yaratmağa qərar veriblər. Ölkənin rəhbər turizm orqanları mehmanxana sektorunun bütün əməkdaşları üçün elektron məlumat bazasının yaradılacağını elan ediblər: bu reyestrdə əməkdaşların şəxsi məlumatları, təhsili, ixtisas dərəcəsi, əvvəlki iş yerləri barədə rəylər, buraxdığı xətalar və aldığı mükafatlar qeyd olunacaq. Personalın fırıldaqçı və digər qanunazidd hərəkətlərini polis yoxlayacaq”, – deyə Rusiya Turoperatorları Assosiasiyasında (RTA) izah ediblər.

Mehmanxana personalının reyestri Turizm Nazirliyi, Turist Palataları Federasiyası və Misirin turist polisinin ümumi istifadəsinə xidmət edəcək. Layihənin təşəbbüskarı olan federasiya hesab edir ki, bu yolla otellər vakansiyalarda səhlənkar əməkdaşlardan və yaxud az təcrübəyə malik insanlardan imtina edə biləcəklər.

“Misir ekspertlərinin fikrincə, bu tədbir turistlərin ölkədə daha təhlükəsiz olmasına zəmanət verəcək və otellərdə xidmətin səviyyəsini artıracaq”, – deyə RTA-da vəziyyəti belə şərh ediblər.

“RTE-nin Turist Palataları Federasiyasının məlumatına görə, hazırda otel sahəsində çalışan bütün işçilər tədricən “nömrələnəcək”: onlara çipli xüsusi plastik kartlar veriləcək. Həmin kartlara onların şəxsi məlumatları yazılacaq. Nəticədə mehmanxanalara şəxsi çipli kartlara malik olmayanların işə qəbulu qadağan ediləcək. Bundan başqa, mehmanxanada işə başlamaqdan ötrü hər kəs polisdə özünün “elektron profil”ini yaratmalıdır”, – deyə assosiasiyada bildiriblər.

Bununla yanaşı, kartın əcnəbi işçilər arasında yayılması və ya yalnız Misir vətəndaşlarına aid olması barədə hələ ki, məlumat yoxdur. Çünki Misir otellərində animasiya sahəsində və ya inzibatçı kimi çalışan əcnəbilər kifayət qədərdir.

İstinad: Azertac

Terefsiz.az