Cavid Abdullayev: “Azərbaycanda “yaşıl enerji” hidrogen istehsalına yönəldiləcək”

0
96

Azərbaycandakı “yaşıl enerji”nin hidrogen istehsalına yönəldilməsi istiqamətində addımlar atılır.

“Terefsiz.az” xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev “Yaşıl hidrogen- karbonsuzlaşmaya aparan yol” adlı seminarda deyib.

Onun sözlərinə görə, ölkədə 25 geqavat gücündə “yaşıl enerji” istehsalı nəzərdə tutulur.

“Hazırda bizim istehsal gücümüz geqavatı keçmir. Ona görə də biz bir sıra məsələləri həll etməliyik. Keçən il Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji” nəqli üzrə memorandum imzalanıb. Bu memorandum üzrə intensiv işlər aparılır. Orda qeyd edilən mexanizmlərin işlək vəziyyətdə olması təmin edilib. Artıq işçi qrupu formalaşdırılıb və layihə istiqamətində sürətlə irəliləyəcəyik.

Eyni zamanda azad edilmiş ərazilər ölkə başçısı tərəfindən “yaşıl enerji” zonası kimi elan edilib”,- deyə C.Abdullayev əlavə edib.

Xatırladaq ki, memoranduma əsasən, Rumıniya ilə Azərbaycanın istehsal etdiyi “yaşıl” elektrik enerjisinin ixracı imkanları nəzərdən keçirilir. Genişmiqyaslı layihə çərçivəsində Qara dənizin dibi ilə ümumi gücü 1 000 meqavata qədər olan 500 kilovolt sualtı elektrik kabelinin çəkilməsi planlaşdırılır. Elektrik xətləri ötürücülüyünün ümumi uzunluğu 1 500 kilometr olacağı bildirilir.

terefsiz.az