Cavid Hüseynov: “Gözlərinin içinə kimi yalan danışırlar”

0
286

“Zirə” klubuna transfer olan “Qəbələ”nin sabiqkapitanı Cavid Hüseynov sərt açıqlamalar ilə diqqət mərkəzindədir.

Terefsiz.az saytı futbolçunun “Report”a müsahibəsini təqdim edir.

– “Zirə”yə keçidiniz necə reallaşdı?

– “Zirə” hələ ötən mövsümün ortalarından mənimlə maraqlanırdı. Bilirdim ki, baş məşqçi Samir Abasov da məni komandasında görmək istəyir. Onu da bilirdilər ki, mən “Qəbələ”yə bağlı olan insanam. Neçə illərdir ki, sevincimiz və kədərimiz birlikdə olub. “Qəbələ”nin vəziyyətinə, durumuna baxaraq sonda hər hansı qərar verə bilərdim. Heç kim bilmirdi ki, klub bu vəziyyətə düşə bilər. Düzdür, 6-7 ay bundan öncə söz-söhbət var idi. Mən isə buna inanmaq istəmirdim. Onu deyə bilərəm ki, “Sabah” da mənimlə maraqlanırdı. Amma “Zirə”yə keçidim baş tutdu.

– Yeni kollektivlə nəyi hədəfləyə bilərsiniz?

– Hədəfimiz ən azından Avropa Liqasına vəsiqə qazanmaq olacaq.

– “Qəbələ”ni tərk etməyinizdə əsas səbəb büdcənin azaldılması və klubun bu vəziyyətə düşməsi oldu?

– “Qəbələ”ni mən tərk etməmişəm. Klub rəhbərliyi ilə dəfələrlə görüşmüşəm. Sadəcə, mənə bildirdilər ki, bu il vəziyyətimiz əvvəlki kimi deyil. Növbəti mövsüm yuxarı pillələr uğrunda mübarizə aparmaq çətin olacaq. Son olaraq isə klubun prezidenti Fariz Nəcəfovla görüşdüm. Ona dedim ki, hələ də gözləyə bilərəm. Bəlkə, nəsə dəyişiklik və yenilik ola bilər. Fariz müəllim isə mənə söylədi ki, inanmıram bu baş tutsun. O, dedi ki, indiki vəziyyətdə “Qəbələ” Futbol Akademiyasının uşaqlarını oynadacağıq və çalışdığımız qədər mübariz bir komanda yaradacağıq.

– “Qəbələ”ni tərk etməyinizdə maddi məsələlər rol oynadı?

– Xeyr. Maddiyyatdan söhbət belə gedə bilməz. Çünki mən klubla bu söhbətləri etmədim. “Bu qədər verin, qalım” kimi söhbət olmadı, ola da bilməz. Hamı hər şeyi başqa cür başa düşür və istədiklərini yazırlar. Qulağıma çatır ki, bəzi fikirlər səsləndirirlər. Düzü, bunlar mənə “vız” gəlir. Kobud çıxsa da, deyəcəyəm, emosiyalarımı saxlaya bilmirəm. Əsas “Qəbələ” rəhbərliyinin və klubun fikri önəmlidir. Hansısa 3-5 nəfərin dedikləri mənim üçün önəmli olmayıb. “Qəbələ” ilə münasibətlərimiz var. Fariz müəllim “İstəməzdik ki, belə olsun. Lakin əlimizdən gələn bir şey yoxdur. Gələcəyə ümid edək” dedi. Mən də ümid edirəm ki, klubla yolumuz yenə kəsişəcək.

– Vurğuladınız ki, 3-5 nəfər fikir bildirir. İctimaiyyətdə isə əsas fikir budur ki, kapitan niyə gəmini birinci tərk etdi?

– Bu, yalan söhbətdir. Kim deyirsə, gözünün içinə kimi yalan danışır. Klubu birinci mən tərk etməmişəm. Komandanı tərk edən futbolçular var idi. Sadəcə bildirilmirdi. Bu barədə susurdular, mediaya da açıqlama verilmirdi. Bu söhbət belə olub. Hamısı da klublarla müqaviləni bağlamışdılar və sadəcə gözləyirdilər. Futbolçuların əksəriyyəti məndən məlumat alır, məni gözləyirdilər. Fariz müəllim də diqqətimə çatdırdı ki, vəziyyət budur, heç cür mümkün deyil, maddi və məqsəd baxımından dəyişiklik var. Klub prezidenti “Hansı kluba gedirsənsə, get. Yenə sənə azarkeşlik edəcəyik və hər zaman qəlbimizdəsən” dedi. Biz xoş niyyətlə və klubun öz istəyi ilə ayrıldıq.

– Yığmaya çağırılmasanız da, komandanın AVRO-2020-nin seçmə mərhələsindəki çıxışı barədə nə deyə bilərsiniz? 

– Xorvatiyadan sonra Macarıstan və Slovakiyaya da məğlub olmaq istəməzdik. Çünki bizə qələbə qazanmaq mütləq lazım idi. Futbolda belə şeylər olur. Macarıstanla matçdan sonra komandanın üzərində təzyiq var idi. Nəyin bahasına olursa-olsun Slovakiyanı məğlub etməli idik. Təzyiq isə bəzən psixoloji gərginlik yaradır ki, sonda meydanda donursan. Bu barədə danışmaqda çətinlik çəkirəm.

– Komandanın qarşısına AVR0-2020-nin final mərhələsinə qatılmaq məqsədi qoyulub. Bunun real olmadığını düşünürsünüzmü?

– Komanda üçün seçmə mərhələdə çətinlik çox olacaq. Üç oyundur məğlub olursan, xal toplamırsan və sonda möcüzə gözləyirsən. Möcüzə ola bilər. Amma reallıqda onu həyata keçirmək çox çətindir. Bunu hər komanda bacarmır. Futbolçular isə o psixoloji gərginliyi üzərlərindən ata bilmir. Oyunçularımızın hazırkı durumunu da bilmirik. Bəlkə də, onlar bu məğlubiyyətlərdən sonra ruh düşkünlüyü yaşayıblar.

– Qarşınıza yığmaya qayıtmaq kimi bir hədəf qoymusunuz?

– Əlbəttə, yenidən milli komandanın formasını geyinmək istəyirəm. Ümid edirəm ki, bu, mənə yenidən qismət olacaq. Hələ də gec deyil. 31 yaşım var və illərimiz qarşıdadır. Təcrübəmlə fayda verməyə çalışmaq istərdim.

– Millinin növbəti oyunları sentyabrda Uels və Xorvatiya yığmalarına qarşı olacaq. Müvafiq olaraq, səfər və ev matçlarında nəyə ümid etmək olar?

– Uels fiziki hazırlığı, sürətli futbolu, əks-hücumları ilə diqqət çəkir. Xorvatiya isə hamıya bəllidir. Futbolçuların oynadıqları klublar və sərgilədikləri futbol hər şeyi deyir. İlk oyunda milli komandamız onlara qarşı yaxşı mübarizə apardı. Amma Xorvatiya artıq özünə gəlib. O, ilk matç idi. Komanda az müddətdə birlikdə olduğu üçün hələ tam formalaşmamışdı.

– Milli komandanın bir neçə futbolçusu son iki oyuna görə daha çox tənqid olunur. Yəqin ki, mətbuatda və sosial şəbəkələrdə yazılanları görmüsünüz…

– Mən də yazılanları görmüşəm. Qara Qarayev, Bədavi Hüseynov və Rahil Məmmədovun üstünə düşüblər. Bu, tamamilə səhv fikirdir. Orada 3 futbolçudan söhbət gedə bilməz. Bu, hamımızın səhvi və məğlubiyyətidir. İndi yığmada oynamasam belə, məsuliyyəti üzərimə götürürəm. Mən də millinin şərəfini qorumuşam. Kimsə deyə bilməz ki, Cavid orada olsaydı, nəsə dəyişə bilərdi. Əli, Vəli, Qara və s. Futbolumuzda heç kim bir-birindən üstün futbol oynamır. Oyunçular arasında fərq qoymaq lazım deyil. Ayrıseçkilik edilməməlidir. Qara da, Bədavi də bizim futbolçudur. Məğlubiyyət isə, ümumilikdə, bizim məğlubiyyətdir.

Terefsiz.az