Rusiya, İran, Suriya və Türkiyə prezidentlərinin Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşmasına həsr olunmuş görüşü mayın əvvəlində baş tuta bilər.
“Terefsiz.az” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 100TV-yə müsahibəsində deyib.
“Maydakı tarixlərlə bağlı təkliflər var idi, seçkilərə çox yaxındır. Mayın əvvəlinə təklif var idi, lakin hələ razılaşdırılmayıb, çünki İran Prezidenti Suriyaya hazırlaşırdı. İndi tarix məsələsi üzərində iş gedir”, – o vurğulayıb.
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Misir Prezidenti Əbdülfəttah əs-Sisinin görüşünün mümkünlüyündən danışan Türkiyənin xarici işlər naziri belə bir görüşün mayın 14-də keçiriləcək seçkilərdən sonra da baş tuta biləcəyini qeyd edib. Ankaranın seçkiləröncəsi Ərdoğanla Suriya Prezidenti Bəşər Əsəd arasında danışıqlara ümid edib-etməməsi ilə bağlı dəqiqləşdirici suala Çavuşoğlu müsbət cavab verib.
Eyni zamanda, xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, Türkiyə ordusunu Suriyadan çıxarmağı planlaşdırmır. “Bu yerləri tərk etsək, terror təşkilatları bu boşluqları dolduracaq. Milli təhlükəsizliyimiz hər şeydən önəmlidir, bunun bədəlini burada ödəyirik ki, öz torpaqlarımız təhlükəsiz olsun. Bizim Suriya ərazisinə heç bir iddiamız yoxdur”, – o bildirib.