Çempionlar Liqası: “Qarabağ” “Lex Poznan”ı darmadağın edərək mərhələ adlayıb

0
82

“Qarabağ” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxıb.

“Terefsiz.az”ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Polşanın “Lex Poznan” futbol klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan qarşılaşma Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Təmsilçimiz matçdan öncə Tovuz döyüşlərinin 2-ci ildönümü ilə əlaqədar Vətən müharibəsi iştirakçılarına anlamlı jest edib. Qazilərin iştirakı ilə konsert proqramı təşkil olunub. Bundan başqa, müharibə iştirakçılarına matçı izləmək üçün tribunada xüsusi yer ayrılıb.

Oyuna gəldikdə isə, start Qurban Qurbanovun baş məşqçi olduğu komanda üçün heç də uğurlu alınmayıb. Rəqib ilk hücumdaca hesabı açıb. Kristoffer Velde 20-ci saniyədə meydan sahiblərini məyus edib.

Buraxılan qoldan sonra hücuma atılan “Qarabağ” futbolçuları ardıcıl bir neçə epizodda təhlükə yaratsa da, hesabı bərabərləşdirmək mümkün olmayıb. Əvvəlcə Elvin Cəfərquliyevin sol cinahdan ötürməsinin qarşısını müdafiəçilər kəsiblər. Ardınca isə Marko Veşoviçin fərqlənməsinə Artur Rudko imkan verməyib.

Rəqib meydanında tətbiq edilən pressinqin nəticəsi kimi 14-cü dəqiqədə Kadi Borges hesabı bərabərləşdirib. Braziliyalı yarımmüdafiəçi cərimə meydançasının sol cinahından dəqiq zərbə ilə Poznan təmsilçisini məyus edib.

25-ci dəqiqədə “Qarabağ”ı əks-hücumda yaxalayan polşalılar 2-ci topu vurmağa yaxın olublar. Lakin Mixal Skurasın zərbəsi qapıdan xeyli aralı keçib. Az sonra Borges cinahdan bir rəqibini keçib iti ötürmə versə də, topa toxunan olmayıb.

38-ci dəqiqədə Joel Pereyranın zərbəsini Şahruddin Məhəmmədəliyev qaytarıb. 42-ci dəqiqədə isə Filip Ozobiç qapıçıdan qayıdan topu tora daxil etməklə, hesabı “Qarabağ”ın xeyrinə dəyişib. Beləliklə, ağdamlılar fasiləyə üstün yollanıblar – 2:1.

İkinci hissənin əvvəlində Azərbaycan çempionu 3-cü dəfə “Lex”i meydanın mərkəzinə dəvət edib. Rudkonun qaytardığı topu Kevin Medina qapıdan keçirib. Az sonra Maksim Medvedev rəqibin təhlükəli əks hücumunun qarşısını alaraq, Mikael İshakın qapıçı ilə təkbətək qalmasına mane olub.

70-ci dəqiqədə “Qarabağ” 4-cü qola yaxın olsa da, Ozobiçin cərimə zərbəsindən vurduğu topu Rudko çətinliklə dəf edib.

74-cü dəqiqədə isə Kadi Borges dubl edib. 26 yaşlı futbolçu bir neçə müdafiəçini aldadaraq, dəqiq zərbə ilə hesab arasındakı fərqi artırıb.

3 dəqiqə sonra isə meydana yenicə daxil olan Abbas Hüseynov 5-ci topu rəqibin qapısından keçirib.

Hesaba baxmayaraq, hücumlarını davam etdirən “Qarabağ” 81-ci dəqiqədə Kvabena Ovusunun fərdi ustalığı ilə hesabı artırmağa yaxın olub. Lakin qanalı hücumçunun zərbəsində azacıq dəqiqlik çatmayıb.

Beləliklə, cavab matçında “Lex”i darmadağın edən “Qarabağ” II təsnifat mərhələsində İsveçrə “Sürix”inə rəqib olub. Ağdam klubu ilk oyunu iyulun 19-da evdə, cavab matçını isə 1 həftə sonra səfərdə keçirəcək. Polşa klubu isə yoluna UEFA Konfrans Liqasının II təsnifat mərhələsində davam edəcək. Poznan təmsilçisi bu raundda “Slovan” (Bratislava, Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün məğlubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, sonuncu dəfə 1993/1994 mövsümündə Rusiyanın “Spartak” (Moskva) klubu Çempionlar Liqasında “Lex”ə 5 qol vurub. 1993-cü il oktyabrın 20-də keçirilmiş səfər matçında Moskva komandası 5:1 hesablı qələbə qazanıb.

terefsiz.az