Çempionlar Liqası: “Qarabağ” pley-off mərhələsinə vəsiqə qazanıb

0
138

“Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.

“Terefsiz.az”ın məlumatına görə, “Qarabağ” Macarıstanda “Ferentsvaroş” klubunun qonağı olub. “Groupama Arena”da keçirilən və ispaniyalı FIFA referisi Karlos del Serronun idarə etdiyi görüş Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Matça sürətli başlayan Ağdam klubu 2-ci dəqiqədə Ramil Şeydayevlə qola yaxın olub. Lakin 26 yaşlı hücumçunun zərbəsi qapının üstündən keçib. Buna baxmayaraq, “Qarabağ” 5 dəqiqə sonra istəyinə çatıb. Rəqibi əks-hücumda yaxalayan qonaqlar Abdullah Zubirin qolu ilə hesabı açıblar. Fransalı yarımmüdafiəçi Kadi Borgesin məhsuldar ötürməsini dəqiq zərbə ilə tamamlayıb. Buraxılan qoldan sonra təzyiqi artıran meydan sahibləri 9-cu dəqiqədə hesabı bərabərləşdirə bilərdi. Amma Eldar Çiviçin başla vurduğu topu Şahruddin Məhəmmədəliyev tutub.

Ardınca isə qolkiper təqribən eyni epizodda bu dəfə Kristofer Zakariasenin fərqlənməsinə mane olub. 30-cu dəqiqədə Azərbaycan millisinin qapıçısı növbəti dəfə diqqət mərkəzinə düşüb. O, Tokmak Nquenlə üzbəüz epizodda komandasını qoldan xilas edib. 32-ci dəqiqədə Zubir yaxın küncü dəqiq nişan alsa da, Deneş Dibus qola mane olub. 44-cü dəqiqədə əvvəlcə Zubir, ardınca isə Borges qapıçı səddini keçə bilməyib və ilk hissə “Qarabağ”ın minimal hesablı üstünlüyü ilə yekunlaşıb.

İkinci yarıya da əla start verən “köhlən atlar” 49-cu dəqiqədə rəqibə təhlükə yaşadıb. Amma Kadi Borgesin zərbəsində azacıq dəqiqlik çatmayıb. 55-ci dəqiqədə isə Qurban Qurbanovun baş məşqçi olduğu komanda 2-ci qolu “Ferentsvaroş”un qapısından keçirib. Bu dəfə Borgesin məhsuldar ötürməsini İbrahima Vadji tora göndərib. 59-cu dəqiqədə Məhəmmədəliyev Nquenin hesab arasındakı fərqi azaltmasına imkan verməyib. 65-ci dəqiqədə Riçard Almeydanın zərbəsi rəqib müdafiəçiyə dəyib istiqamətini dəyişsə də, Dibus barmaqlarının ucu ilə topu küncə çıxarıb. Hücumun davamında künc nöqtəsindən ötürülən topa Vadji başla zərbə endirib. Lakin top qapı tirindən meydanı tərk edib.

75-ci dəqiqədə Vadjinin dubl etməsinin qarşısını müdafiəçilər alıblar. Buna baxmayaraq, seneqallı forvard 3 dəqiqə baxımlı hücumu məntiqi sonluqla başa çatdırıb. 27 yaşlı hücumçu Şeydayevin ötürməsini qapıdan keçirib. 83-cü dəqiqədə meydanda insident baş verib. “Köhlən atlar”ın hücumu zamanı Abdullah Zubir rəqibin cərimə meydançasında yerə yıxılıb. Həmin vaxt Budapeşt təmsiçisinin müdafiəçisi Endre Botka fransalı yarımmüdafiəçiyə yaxınlaşaraq, ondan kobud formada ayağa qalxmasını tələb edib. Ramil Şeydayev isə Botkaya yaxınlaşaraq, onu itələyib. Nəticədə baş hakim hər iki futbolçuya sarı vərəqə göstərib. 86-cı dəqiqədə görüşdə 4-cü qol vurulub. Adama Traore hesab arasındakı fərqi azaldıb.

Beləliklə, Bakıdakı matçda rəqibi ilə 1:1 hesablı heç-heçə edən “Qarabağ” səfər qələbəsindən sonra adını pley-offa yazdırıb. Ağdam təmsilçisi bu raundda Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə qarşılaşacaq.

“Qarabağ” ilk oyununu 16 və ya 17 avqustda evdə, cavab görüşünü isə 24 və ya 25 avqustda səfərdə keçirəcək.

terefsiz.az