Çempionluqdan məhbəsə: Azərbaycanda idmançılar niyə caniyə çevrilir?

0
99

“İdmanın əsas məqsədi həm insanda fiziki sağlamlığı inkişaf etdirmək, həm də kamilliyə aparmaqdır. İdmanın mayasında bu durur. İdman sülhü, dostluğu, bərabərliyi təbliğ edir. Xatırladım ki, Olimpiya oyunları keçiriləndə belə dünyada müharibələr dayanır”. 

Terefsiz.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, tanınmış idmançı və şotokan karate-do üzrə Avropa çempionu Vüqar İskəndərov deyib.

O, gənclər və yeniyetmələr arasında güləş üzrə dünya çempionu olmuş Elman Muxtarovun həbsindən, habelə bəzi idmançıların güclərini bu kimi əməllərə yönləndirməsindən söz açıb.

V. İskəndərov təəssüflənib ki, bəzən belə xoşagəlməz hallara rast gəlinir:

“Təkcə bu gün deyil, eləcə də SSRİ dövründə bir çox idman növüylə məşğul olan idmançılar hansısa bir dairənin təsiri altında, yaxud psixi durumundakı zəiflik əlamətləri üzə çıxır deyə, idmanın ona verdiyi gücdən digər yollarla istifadə etməyə çalışır. Bu da çox vaxt onları cinayətə sürükləyir. Tarixdə belə faktlar var ki, tanınmış bir çox idmançılar cinayət yolu tutub, həbsxanaya düşüblər və onların bütün karyerası və həyatı alt-üstü olub”.

O, əlavə edib ki, Azərbaycanda da buna zaman-zaman rast gəlinir:

“Biz görmüşük ki, tanınmış idmançılar ya hansısa bir hədə-qorxuyla pul əldə etmək, ya da ki, qrup tərkibindəki cinayət, yaxud hansısa bir insanı döyməklə həbsə düşüblər. Beləliklə də, onların həyatı məhv olur və biz həm də tanınmış bir idmançını itirmiş oluruq”.

Millət vəkilinə görə, idmanın əsas fəlsəfəsi budur ki, güclülər gücləndikcə, zəifləri müdafiə etsin, Vətənimizin müdafiəsində qorxmaz olaq, irəlidə dayanaq:

“Əsas bunlar təbliğ olunmalıdır. Lakin təəssüf ki, idmançılar arasında belə halların artmasını müşahidə edirik və bu, çox təhlükəli bir tendensiyadır. Əsl idmançılar gənclərə, yeni idmanla məşğul olan insanlara bir nümunədirlər. Böyüməkdə olan gənc nəsil, yeniyetmələr onlara baxıb örnək alırlar, onlar kimi olmağa çalışırlar, ölkəmizi təmsil edib sağlam olmaq istəyirlər”.

Onun fikrincə, belə insanlar cinayət yolu tutanda isə bu, artıq hər birimizi düşündürməlidir:

“Hesab edirəm ki, bu məsələdə harada səhv buraxırıqsa, bunları araşdırmalıyıq. Bu insanlarla məktəbdə, ailədə, mühitdə daha diqqətli olmalıyıq. Əsas da valideynlər diqqətli olmalıdır ki, əgər övladı hansısa güc idman növüylə məşğul olursa, mütləq onun mühitiylə maraqlanmalıdır, ətrafında kimlər var və s. Mütləq bu şəxslərdə vətənpərlik ruhu yüksək olmalıdır. O, gücünü əsgərlikdə, xidmətdə, təlimlərdə, idman yarışlarında göstərməlidir, nəinki küçədə zəiflərə qarşı tətbiq etsin”.

Deputat düşünür ki, bu sahədə məktəb və valideyn mütləq bərabər işləməlidir və belə insanlar mütləq nəzarətdə olmalıdır:

“Əsasən də, bunlar keçid dövründə baş verir. Gəncin yetişmə dövründə o, cəmiyyətimizin mühitinə xas olmayan insanlarla dostluq edirsə, bu, artıq təhlükənin başlanğıcı deməkdir. Bu anda mütləq valideynlər, məktəb və məktəbin psixoloqu üçlük formasında bu insanların yanında olmalıdır”.

“Mən də bunları pisləyirəm. Ona görə ki, biz gənclərimizə sağlam həyat tərzini, idmanı təbliğ etməli, vətənpərvər olmağı təşviq etməliyik. 44 günlük Vətən Müharibəsindəki şəhidlərimizin və qazilərimizin həyat yolunu təbliğ etməliyik. Düşünürəm ki, əksər gənclərimizdə də belədir, amma çox təəssüf ki, belə hallara da rast gəlinir. Sözsüz ki, hər kəs kimi bu, məni də məyus edir”, – fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV