Cəlilabadda vəzifəli şəxs rüşvət alarkən yaxalanıb

0
131

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon Dövlət Arxivinin müdiri İskəndərov Toğrul Çapar oğlu xidməti vəzifəsinin icrası ilə əlaqədar vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb.

Bu barədə  Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Müəyyən edilib ki, Toğrul İskəndərov qeyd olunan vəzifədə işləyərkən tanışı Bağır Şirəliyevlə qabaqcadan əlbir olaraq 2022-ci ilin avqust ayı ərzində vətəndaşın adına torpaq sahəsi ayrılmasına dair arxivdə olan sənədlər əsasında müvafiq arayışın verilməsi müqabilində rüşvət alıb.

Habelə, Toğrul İskəndərovun qabaqcadan əlbir olduğu Bağır Şirəliyevlə birlikdə ayrı-ayrı vətəndaşlara müvafiq qurumlarda iş stajlarının olması barədə saxta arayışlar təqdim edərək onların 11 min 500 manat məbləğində pul vəsaitlərini ələ keçirməsinə, qeyd edilən qanunsuz hərəkətləri ilə vətəndaşları vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə də əsaslı şübhələr müəyyən edilib.

İlkin sübutlar əsasında Toğrul İskəndərov və Bağır Şirəliyevə Cinayət Məcəlləsinin müvafiq olaraq 311.1 (rüşvət alma), 32.4 312.2 (rüşvət verməyə təhrik etmə), 178.2.1, 178.2.2, 178.2.3 (dələduzluq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə təkrar törədildikdə ) və digər maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə Toğrul İskəndərov barəsində həbs, Bağır Şirəliyev barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

“Qeyd edilən şəxslərin qanunazidd əməllərinə məruz qalmış vətəndaşlardan Baş Prokurorluğun “961” Çağrı mərkəzinə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə, eləcə də sosial şəbəkələrdəki səhifələrinə müraciət etmələri xahiş olunur”, – məlumatda qeyd edilib.

terefsiz.az