Dağlıq Qarabağın azərbaycanlı icması erməni seçicilərinə müraciət etdi

0
124

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” erməni icmasının seçicilərinə müraciət edib.

Terefsiz.az-ın məlumatına görə, sənəddə bildirilir ki, fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək.

Ölkəmizin seçki hüququna malik bütün vətəndaşları üçün Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinə uyğun şəkildə səsvermədə öz iradələrini azad ifadə etmələri üçün hər cür şərait yaradılıb.

Hər bir namizəd Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun yaranmış bərabər imkanlardan istifadə edərək öz təbliğat kampaniyasını aparır. Sosial media üzərindən hər bir namizədin apardığı kampaniyanı dünyanın istənilən nöqtəsindən izləmək mümkündür.

“Təəssüflər olsun ki, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, torpaqlarmızı işğal etməsi, azərbaycanlıları etnik təmizləməyə məruz qoymaqla yanaşı Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan erməni sakinlərini sözügedən seçkilərdə səsvermə hüququnu birbaşa həyata keçirmək imkanından məhrum edib. Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin yeddi seçki dairəsinin ərazisi tamamilə, üç seçki dairəsinin ərazisinin isə bir hissəsi işğal altındadır.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, biz, işğal altında olan Xankəndi və Şuşa, Ağdam, Xocalı, Xocavənd seçki dairələrinə mənsub olan erməni seçicilərə müraciət edərək, onları Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə müvafiq dairələrdə qeydiyyatdan keçmiş namizədlər arasından seçim etməyə və deputatlığa namizəd olan şəxslərlə bağlı öz münasibətlərini bildirməyə çağırırıq”, – müraciətdə vurğulanır.

istinad:oxu.az