Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı tədbirləri bu gün Abşeron rayonunun Saray qəsəbəsində davam etdirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, burada nazirlik tərəfindən yeni yaşayış binalarından alınan və müasir tələblərə uyğun yaşayış şəraitinə malik 27 mənzil bu kateqoriyalardan olan vətəndaşlara təqdim edilib.
ƏƏSMN-in Aparat rəhbəri Hidayət Abdullayev Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm istiqamətlərindən birinin əhalinin həssas qruplara diqqət və qayğının artırılması olduğunu vurğulayıb. Bu istiqamətdə atılan ardıcıl addımlardan bəhs edən H.Abdullayev bildirib ki, şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə dövlət qayğısı da ildən-ilə artırılır. Cari ildə də ölkəmizdə sosial sahədə 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olan inqilabi addımlar atılmaqla, eyni zamanda şəhid ailələrinə və müharibə əlillərinə yönələn sosial ödənişlərin təqribən iki dəfə artırılması təmin edilib.
Yeni mənzillə təmin olunan vətəndaşlar aparılan uğurlu islahatlardan, şəhid ailələrinə, müharibə əlillərinə daim artan dövlət qayğısından razı qaldıqlarını, onlara göstərilən yüksək qayğıya və bu gün yeni mənzillərlə təmin edildiklərinə görə Azərbaycan Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
terefsiz.az