Daha beş ölkədə fövqəladə vəziyyət elan olundu

0
153

Serbiya Prezidenti Aleksandr Vuçiç koronavirusun yayılması ilə əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi elan edib.

Bu barədə RTC telekanalı məlumat yayıb.

Beləliklə, ölkədə uşaq bağçaları, məktəblər, ali təhsil müəssisələri, kafe və restoranlar, idman və konsert zalları bağlanacaq. Məktəb proqramı televiziya ilə göstəriləcək.

Serbiya lideri, həmçinin, yaşı 65-dən yuxarı olan insanları evdən çıxmamağa çağırıb.

Martın 16-dan etibarən Serbiya ordusu tibbi müəssisələrin mühafizəsi ilə məşğul olacaq, polis isə karantin qaydalarının qorunmasına nəzarət edəcək.

Son məlumata görə, Serbiyada koronavirusa 46 yoluxma halı qeydə alınıb. Ölən yoxdur.

Bu gündən etibarən Qazaxıstanda da fövqəladə vəziyyət elan olunub. Yeni məhdudiyyət aprelin 15-nə qədər davam edəcək. Hazırda Qazaxıstanda səkkiz yoluxma halı qeydə alınıb.

Çex Respublikasının baş naziri Andrey Babiş martın 24-nə qədər ölkədə karantin rejiminin tətbiq olunacağını bəyan edib. Beləliklə, vətəndaşlar evlərini ancaq işə və həkimə getmək, həmçinin ərzaq, təmizlik vasitələri və dərman almaq üçün tərk edə biləcəklər. Hökumət başçısının sözlərinə görə, ölkədə 239 yoluxma halı qeydə alınıb, xəstələrdən ikisinin vəziyyəti ağırdır.

Livan hökuməti martın 29-na qədər ölkədə fövqəladə vəziyyət elan edib. Qeyd edək ki, ölkədə ölümcül virusa qarşı tədbirlər çərçivəsində 10 gün əvvəl əyləncə mərkəzləri, bir neçə gün əvvəl isə kafe və kiçik restoranlar bağlanıb. COVID-19 virusunun yayılmasının qarşısını almaq məqsədilə zərurət olmadıqca vətəndaşların evdən çıxmaması tövsiyə olunub. Səhiyyə Nazirliyinin son məlumatına görə, ölkədə COVID-19-a yoluxanların sayı 99 nəfər olub, onlardan üçü ölüb.

Peruda 15 gün müddətinə Milli Fövqəladə Hal elan olunub. Bu ölkədə də vətəndaşlar ancaq zəruri ehtiyaclarını ödəmək üçün ictimai məkanlardan istifadə edə biləcəklər. Ölkə sərhədləri bağlanıb, hava, quru, dəniz və çay yolu ilə beynəlxalq sərnişin daşınmaları ləğv edilib. Peruda indiyə qədər 71 nəfərdə koronavirus təsdiqlənib.

istinad:oxu.az