DÇ-2022: Argentina və Xorvatiya yarımfinala yüksəlib

0
72

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında dekabrın 9-da 1/4 final mərhələsinin oyunları start götürüb.

“Terefsiz.az” xəbər verir ki,ilk oyun günündə iki qarşılaşma keçirilib.

Günün ilk oyununda turnirin əsas favoritlərindən sayılan Braziliya millisi Xorvatiyanı sınağa çəkib. Saat 19:00-da başlayan oyunda 90 dəqiqə ərzində qalib müəyyənləşməyib.Görüşdə əlavə vaxt oynanılıb. Matçın 105+1-ci dəqiqəsində Neymar hesabı açıb. 117-ci dəqiqədə Bruno Petkoviç bərabərlik topunu vurub – 1:1.

Tablodakı rəqəmlər dəyişmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan (4:2) Xorvatiya yığması adını yarımfinala yazdırıb. Avropalılar 1/8 finalda Yaponiyanı da penaltilər seriyası ilə üstələyib.

1/4 finalın digər oyununda Niderlandla Argentina üz-üzə gəlib. Bu oyun saat 23:00-da start götürüb.Cənubi Amerika təmsilçisi 35-ci dəqiqədə Nauel Molina və 73-cü dəqiqədə Lionel Messinin qolu sayəsində iki top fərqi ilə önə keçib. Ancaq komanda bu üstünlüyünü qoruya bilməyib. Sonradan meydana daxil olan Vaut Veqhorst 83-cü və 90+11-ci dəqiqədə fərqlənərək, hesabı bərabərləşdirib.

90 dəqiqəsi 2-2 bərabərliklə bitən görüşdə,əlavə 30 dəqiqədə də tablodakı rəqəmlər dəyişmədiyindən, penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan (4:3) Argentina yığması adını yarımfinala yazdırıb.

1/4 finalın digər iki oyunu dekabrın 10-da keçiriləcək. Portuqaliya Mərakeşlə, Fransa isə İngiltərə ilə qarşılaşacaq.

DÇ-2022, 1/4 final

10 dekabr

19:00 Mərakeş  – Portuqaliya
23:00 İngiltərə – Fransa

terefsiz.az