DİN-dən Mingəçevir sakininin döyülməsi iddiasına – REAKSİYA

0
159

İyulun 19-da Mingəçevir şəhər sakini Firuzə Mehralıyeva sosial şəbəkələrdə oğlu Əbdüləzim Quliyevin polis tərəfindən əsassız olaraq tutulması və döyülməsi barədə iddialar səsləndirib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məsələyə münasibət bildirib.

Qeyd edilib ki, iddialar həqiqətdən uzaqdır və böhtan xarakteri daşıyan həmin fikirlərin heç bir hüquqi əsası yoxdur:

“Anasının iddialarının əksinə olaraq, qabaqcadan əldə olunmuş əməliyyat məlumatı əsasında Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən cari il martın 31-də günorta saatlarında keçirilmiş tədbir nəticəsində 24 yaşlı Ə.Quliyev narkotik vasitə olan qurudulmuş marixuananı əvvəllər tanıdığı M.Mustafayevə satdığına görə saxlanılıb. Hər iki şəxs RPŞ-yə gətirildikdən sonra hal şahidlərinin iştirakı ilə onların üzərlərinə baxış keçirilib, nəticədə pul və narkotik vasitə maddi sübut kimi götürülüb, Ə.Quliyev və M.Mustafayev törətdikləri əməlləri etiraf ediblər”.

Faktla bağlı Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində CM-234.2-ci maddəsilə cinayət işi başlanılıb, Əbdüləzim Quliyev həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda məhkəmədə cinayət işinə baxılır.

Nazirlikdən o da qeyd olunub ki, eyni mövzu barəsində ana və oğlunun ən müxtəlif instansiyalara ünvanladıqları şikayətlərə həm prokurorluqda, həm də DİN-in aidiyyəti xidməti tərəfindən baxılıb, Ə.Quliyevin guya əsassız saxlanılması və digər bu kimi iddialar adları çəkilən qurumların müvafiq araqşdırmaları zamanı öz təsdiqini tapmayıb.