DİN: “Son bir ayda narkobaronlara qarşı əməliyyatlar zamanı 65 nəfər saxlanılıb”

0
83

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının son bir ayda narkobaronlara qarşı keçirdikləri əməliyyatlar zamanı 65 nəfər saxlanılıb, 170 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə polis əməkdaşlarının qarşısında dayanan pirioritet məsələlərdən biridir. Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən son dövrlərdə paytaxt və bölgələrdə keçirilən silsilə əməliyyatlar zamanı qeyd edilən qanunsuz fəaliyyətlə məşğul olan ümumilikdə 65 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 170 kiloqram müxtəlif xassəli narkotik vasitə, elektron tərəzilər və 5122 ədəd ekstazi və metadon həbi aşkar edilib.

Saxlanılan şəxslərdən bir neçəsi narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisindəki əsas tədarükçülərindən biri olublar. İlkin sorğu zamanı bu şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından əldə etdiklərini bildiriblər.

Onların əsas niyyəti isə narkotik vasitələrin paytaxt ərazisində satışı təşkil etməklə bərabər şəxsiyyəti istintaqla araşdırılan dəstənin digər üzvlərinin köməkliyi ilə xarici ölkələrinə göndərmək olub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, qanunsuz dövriyyədən çıxarılan 170 kiloqram narkotik vasitənin qara bazarda qiyməti milyonlarla manata bərabərdir. Bu çəkidə narkotikin dövriyyədən çıxarılması isə yüzlərlə Azərbaycan vətəndaşının həyatının xilas edilməsi deməkdir.

Rüfət Bağırlı

terefsiz.az