“Diqqət fahişəliyi” nə deməkdir və kimə deyilir?
Daima ətrafının diqqətini cəlb etmək üçün çalışan və buna ehtiyacı olan adama “Diqqət fahişəsi” deyilir. Etdiyi istər ona mənfi reputasiya gətirsin, istərsə də müsbət olsun, onun üçün heç bir fərqi yoxdur, əsas olan ətrafından reaksiya almaqdır və bu onu psixoloji olaraq xoşbəxt edir.
Belə xarakter pozğunluğu müşahidə olunan şəxslərin diqqətini çəkmək istədiyi xüsusi kimsə olmur, qarşısındakı şəxsin kimliyi, nə düşündüyü ümumiyyətlə, onlara maraqlı deyil, əsas məqsədi isə hər hansısa bir yolla daha çox insanın diqqətini özünə çəkmək və onun gətirdiyi qısa müddətli xoşbəxtliyi yaşamaqdır.
Diqqət Fahişəliyinin yaranmasının üç əsas səbəbi vardır:
1. Sevgisizlik
2. Sosial ətrafı
3. Ailəsinin diqqətsizliyi
Sosial şəbəkələrin asanlıqla kütlələr qarşına çıxmağa imkan yaratması ilə bərabər, bu xarakter pozğunluğunun ciddi şəkildə ətrafa yayıldığını görə bilərik. Əgər paylaşıma gələn “like”, baxış, şərhlərin statistikasına hər dəqiqə açıq baxmağa Başlamısınızsa, çox təssüf ki, yoluxmusunuz, keçmiş olsun.
İnsanların sosial şəbəkələrdə “like” yığmaq üçün hər cür axmaqlıqlar etdiyini asanlıqla müşahidə edirik. Bir çoxumuz fikirlərinə bələd olduğumuz və yaxşı tanıdığımız dostlarımızı sosial şəbəkələrdə yenidən tanımağa başlamışıq. Hətta ən çox rastlaşdığımız hallardan biri şəkillərinə ibrətamiz yazı və ya motivasiya cümlələri yerləşdirən tiplərin cisimlərinə gələn diqqəti, paylaşdığı fikirlərinə hesab etməsi bu psixoloji xəstəliyin əhəmiyyətini qarşımıza çıxarır və bununla beyni pozulanlar hər gün sürətli şəkildə çoxalırlar.
Hər gün uğur hekayəsi paylaşan və uğuru nə olduğu əslində anlaşılmaz tiplər bu xəstəliyin ən ağır mərhələsində yaşayırlar.
Əvəllər sadəcə şou-biznes aləminin gündəmdə qalmaq üçün əl atdığı metodikanın, indilərdə isə əlində ağıllı telefonu olan istənilən insana bu imkanı yaratdığının açıq şahidi oluruq. Konsertə gedib, musiqiyə qulaq asıb, həzz almaq yerinə, canlı yayım açıb, “Bax,mən buna qulaq asıram” və ya oradan şəkillər, videolar paylaşaraq bunu insanlara göstərməyə çalışan çoxunluğumuz bu xəstəliyin nə dərəcədə bizə gəlib çatdığını yavaş-yavaş dərk etməyə çalışmalıyıq.
İnstaqram, Tik-Tok kimi sosial şəbəkələrdə belə mental pozğunluğu aradan qaldırmaq üçün əhəmiyyətli yeniliklər barədə düşünsələr də hələlik test addımını atan təkcə İnstaqram olub. İnstaqram artıq bir çox ölkələrdə bəyənmə sayını izləyicilərdən gizlətməyə başlayıb və nəticə olaraq bir çox sosial-media məşhurları tərəfindən şiddətli etirazla qarşılanıb.
Hər biri müxtəlif bəhanələr bildirərək İnstaqramı bəyənmə sayını görünməsi üçün geri addım atmağa səsləyiblər. İnstaqram bəyənmə sayını sadəcə izləyicilərinin görə bilmədiyi şəkildə gizlədib, şəxsin özünə isə əslində saylar açıqdır.
Çox maraqlıdır ki, etiraz edənlər başqalarının da onların paylaşımlarına gələn bəyənmə sayını görməsinin onlar üçün əhəmiyyətli olduğunu və bunun onlara motivasiya verdiyini bildirirlər.
Digər tərəfdən “Diqqət Fahişələri”nin Twitter, Facebook kimi sosial söz platformalarında əsla həyatda dilinə gətirməyəcəyi vulqar fikirləri çox rahatlıqla oralarda öz izləyiciləri ilə bölüşdüyünü görürük.
“Diqqət Fahişəliyi”nin yaranması əslində inkişaf etməkdə olan insan modelinin Maslow Piramidasının “hörmət görmə” pilləsi ilə əlaqədardır.
Ağıl, əmək və digər ali üstünlüklər ilə fərqlənmənin çox çətin olduğu üçün toplumun daha aclıq çəkdiyi nöqtələrdən diqqət formalaşdırılıb, hörmət qazanıldığı zənn edilir.
İnsanlar bədən üzvlərini mərkəzləşdirməklə, extrimist marjinal fikirlər bölüşməklə asanlıqla ətrafın diqqətlərini üzərinə çəkirlər, beləliklə, hörmət pilləsinə çatdığını düşünürlər.
Şəkillərə gələn “orqazm” şərhlərinin gətirdiyi xarakter pozğunluğunun nəticəsi artıq həyatdakı davranışlarına bir-başa təsir edir və nəticələri isə artan eqoizm, özünü mərkəzləşdirmə kimi çox ciddi fəsadlara gətirib çıxarır.
Aşağıdakı üç suala cavab verməklə sosial-mediada Diqqət Fahişəsi xəstəliyinə yoluxub-yoluxmadığınızı yoxlaya bilərsiniz;
1. Özünüzü sosial-mediada post paylaşmağa məcbur hiss edirsiniz və oturub bunun üçün məzmun fikirləşirsiniz?
2. Tez-tez postunuzun statistikalarına nəzər yetirirsiniz?
3. Postunuza gələn “like-view-comment-share” sayı artanda xoşbəxt olursunuz?
Əgər üç sualdan ikisinin cavabı bəlidirsə xəstəliyə yoluxmusunuz, əgər üçü də bəlidirsə vəziyyət ağırdır, özünüzə yaxşı psixoloq tapın.
Növbəti yazımda Gold Digger – İnfluencer – “Diqqət Fahişəliyi” əlaqəsi haqqında fikirlərimi dəyərli oxucularımla bölüşəcəm.
Nicat Manafov
Terefsiz.az