Azərbaycanda koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimi bir çox sahələr kimi, Bakı zooparkının işinə də təsir edib.
Hazırda zooparkda ümumi vəziyyət necədir? İşə çıxan əməkdaşların sayına məhdudiyyət varmı? Yeni zoopark nə vaxt vətəndaşların ixtiyarına veriləcək?
Məsələ ilə bağlı Bakı Zooloji Parkının direktoru Azər Hüseynov Modern.az-a danışıb.
O bildirib ki, artıq il yarımdan çoxdur, heyvanlar Qaradağda saxlanılır: “Hər birinin vəziyyəti normaldır. Hətta bəziləri var ki, onlardan bala da almışıq. Məsələn Afrika şiri, meymun, canavar və s. heyvanların balaları doğulub. Dəvəquşu, qırqovul da bala verib. Bizim zooparka vaxtilə Qarabağ atı hədiyyə edilib, indi onun da balası var. Fikrimiz var ki, yeni zooparkın açılışında bu atı nümayiş etdirək. Baxmayaraq ki, xüsusi karantin dövrünü yaşayırıq, nəticələrimiz, çox şükür, yaxşıdır”.
Azər Hüseynov zooparkda çalışan işçilərin sayında məhdudiyyətlərin olduğunu da söyləyib:
“Gün ərzində maksimum 5-6 nəfər işçi zooparkda heyvanlara baxır. Məqsəd həm insanların, həm də heyvanların sağlamlığını təmin etməkdir. Bildirmək istəyirəm ki, indiyə qədər heç bir heyvanın sağlamlığında problem olmayıb. Ancaq yeni zooparkın nə vaxt açılacağı ilə bağlı konkret məlumat verə bilməyəcəyəm. Çünki mən özüm də bilmirəm, nə vaxt açılacaq. Çox istərdim ki, açılışı ilə bağlı mənə 20 gün əvvəlcədən xəbər versinlər, biz də öz işimizi bilək. Hesab edirəm ki, yaxın aylarda, yəni bu ilin sonlarında heyvanlar öz yeni evlərinə köçürüləcək”.
Direktor yeni zooparka giriş qiymətlərindən də danışıb:
“Düşünürəm ki, yeni zooparkda biletlərin qiyməti hər kəsi maraqlandırır. Çünki əvvəlki zooparkda 10 yaşından yuxarı uşaqlar üçün 1 manat, böyüklər üçün isə 2 manat nəzərdə tutulurdu. Bildirmək istəyirəm ki, yeni zooparkda qiymətlər nisbətən baha olacaq. Çünki yeni zooparkın saxlanılması üçün xərc üçqat artıq olacaq. Düzdür, qiymət məsələsi bizim səlahiyyətimizdə olmasa da, çalışacağam ki, biletlər çox baha olmasın”.
“Zooparkımıza yeni heyvanların gətirilməsi gözlənilir” deyən A.Hüseynovun sözlərinə görə, bir çox ölkələrlə müqavilələr bağlanılıb:
“Məlum vəziyyətə görə, hələ ki, o müqavilələr havada qalıb. Sərhədlər açılsa, yaxın zamanlarda ölkəmizə təzə heyvanlar gətiriləcək”.
Qeyd edək ki, Bakı Zooloji Parkı 2019-cu il fevral ayının 2-dən etibarən təmir-tikinti və yenidənqurma işləri ilə əlaqədar olaraq ziyarətçilərinin üzünə bağlanılıb.