“dOM”da “İclas” oldu

0
181

“dOM” teatrı yeni səhnə təzahürünü təqdim etdi.

Terefsiz.az verdiyi məlumata görə, teatrın yaradıcısı və baş rejissoru Tərlan Rəsulov gənc nasir-dramaturq İsmayıl İmanın «Грязная маленькая тварь» adlı klassik üslubda qələmə aldığı pyesinə “İclas” adı altında və süjetdən fərqli yozumda interaktiv tamaşa kimi təqdim etdi. Süjetə görə, bir orta məktəbin gənc ingilis dili müəlliməsi (Dəniz Tacəddin) valideynlərin və müəllimlərin iştirakilə iclasın keçirilməsinin təşəbbüskarı kimi çıxış edir ki, şagirdlərdən biri Aysel Əmirovanı bullinq məngənəsindən çıxarmağın bir yolunu bulsunlar. Amma iclas boyunca məktəbin müəllim heyətinin arasında şəxsi və işgüzar zəmində olan ehtiraslar ən arzuolunmaz dərəcəyə çatır və təbii ki, belə bir vəziyyətdə onlar nə bir-birini, nə də zaldan səslənən fikirləri doğru-düzgün dinləyib dəyərləndirmək, nəticə çıxarıb məsələnin çözümünü tapmaq halında olmurlar; yalnız ötəri nəzakət xatirinə qulaq asırlar. Direktor (əməkdar artist Yaqut Paşayeva) ingilis dili müəlliməsini özü də boşanmış xanım olduğu üçün valideynləri boşanmış Aysel Əmirovanın tərəfkeşi olaraq çıxış etməkdə kimi bayağı məişət arqumenti ilə çıxış edib gənc müəllimənin məktəbdə təlim-tərbiyə və təhsil prosesinin dürüst qurulmamasının səbəbinin rəhbərliyin riyakar olması ilə izah edən cəsarətli çıxışlarının qarşısını almağa çalışır. Sonda Ayselin intiharı üstün tutması xəbəri gəlib çatır. Nə onu dünyaya gətirib böyüdən valideynləri, nə də ikinci valideyn sayılan müəllimləri həyata küskünlüyünün əlacını tapa bilmirlər.

Tamaşa sırf improvizə üzərində qurulub. Və hətta Aysel qiyabi iştirakçıdan əyani obraza çevrilib. Ən pisi isə pyesdə yeniyetmə qızın xilası baş versə də, tamaşa bədbin əhvala köklənib. Daha öncə adları qeyd olunan aktyorlardan başqa iştirakçı aktyorların hamısı – əməkdar artist Qasım Nağı, Ərtoğrul Kamalov, Leyla Babayeva, Əminə Məmmədova obrazlarının dəqiq cizgilərini tapıb tamaşaçıya tanıtmaqda gənclər çətinlik çəkmədilər, təcrübəli sənətkarlar isə barələrindəki təəssürata xilaf çıxmadılar.

Son dövrün bəlli gerçək hadisəsindən qaynaqlanan pyesin qoyduğu suallar çoxdur: boşanmış valideynlərin bir çox hallarda bu arzuolunmaz faktın övladlarının tərbiyəsinə mümkün qədər az təsir etməsinin qeydinə qalmamaları, məktəblərimizdə təhsil, təlim-tərbiyə prosesindəki boşluqlar, müəllimlərin də, valideynlərin də gələcək nəslin inkişafındakı məsuliyyət yüklərini düzgün görüb dərk etməmələri, valideynlərin övladlarının yanında artıq-əskik danışmalı olmadıqlarını unutmaları (söz yox ki, Aysel kimi mənəvi təzyiqə məruz qalan yeniyetmələrə bu mənəvi təzyiqin mənbəyi yoldaşlarının valideynləridir; valideynlərinin müvafiq söhbətlərinin inikasıdır). Və şübhə yoxdur ki, bütün bu bəlaların özəyində müasir dövrün həyatımızı asanlaşdırmaq üçün icad edilmiş texniki özəlliklərindən aşırı dərəcədə istifadə də dayanır. Bilgisayarın, smartfonun, planşetin monitorunu ətrafındakı insanların, hətta ən yaxın, ən doğmalarının simasından, sözündən-söhbətindən üstün tutmaq, virtuala qapılmanı (ünsiyyət adlandırmağa dilim gəlmir) canlı əlaqədən, ünsiyyətdən, münasibətdən önə çəkmək və…nəticədə düşüncələrinlə təpə-tənha qalmaq. Bəli, ola bilər ki, virtualda konkret bir şəxs sizin ağrl-acılarınızı da, yüksək əhval ruhiyyənizi də eyni dərəcədə istisnasız dinləsin, hətta mənəvi dayaq olsun, istisna edilmir. Amma razılaşın ki, bu canlı nəfəslə, nəbzi vuran əlin əlinizdən tutması ilə müqayisə edilə bilməz.

Samirə Behbudqızı

istinad:medeniyyet.info