Doqquzuncu sinif şagirdlərinin buraxılış imtahanının II mərhələsi başa çatıb – YENİLƏNİB

0
290

Dövlət İmtahan Mərkəzi iyunun 9-da Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərinin, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarının orta ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan 40234 şagird üçün buraxılış imtahanının ikinci mərhələsini keçirib.

Mərkəzdən bildirilib ki, imtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim edilib.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İyunun 10-dan etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələr yaxın günlərdə elan ediləcək.

Qeyd edək ki, imtahan ilə əlaqədar şagirdlərin müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası yaradılıb. Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək. Şagirdlər Apelyasiya Komissiyasına 10–12 iyun 2019-cu il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.


***07:00

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərinin, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarının orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsini keçirəcək.

Mərkəzdən  bildirilib ki, buraxılış imtahanında ümumilikdə 40234 şagirdin iştirak edəcəyi nəzərdə tutulur.

İmtahan saat 11:00-da başlayacaq.

İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim olunacaq. İmtahan 3 saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– “İmtahana buraxılış vərəqəsi”;

– şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

IX sinif şagirdlərinin buraxılış imtahanlarının ikinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 89 imtahan mərkəzi ayrılıb.

İmtahanda 40234 (Gəncə 3427, Lənkəran 2399, Naftalan 101, Şəki 2033, Sumqayıt 4565, Abşeron 4164, Ağdam 987, Ağsu 739, Astara 1231, Bərdə 2254, Biləsuvar 1391, Daşkəsən 288, Goranboy 1360, Göygöl 897, İmişli 1194, Kürdəmir 1229, Oguz 499, Qəbələ 1287, Saatlı 1015, Sabirabad 1821, Şabran 686, Şamaxı 1002, Samux 716, Tərtər 834, Xaçmaz 2160, Yevlax 1364, Zərdab 591) nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına 89 ümumi imtahan rəhbəri, 279 imtahan rəhbəri, 3340nəzarətçi‑müəllim, 286 buraxılışı təşkil edən əməkdaş, 89 bina nümayəndəsi ayrılıb.

Qeyd edək ki, qeyd olunan rayonlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə iyunun 8-də təkrar baxış keçirilib və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.

İstinad: Report.az

Terefsiz.az