“DOST kuboku” uğrunda intellektual turnirin qalibləri bəlli oldu – FOTO

0
223
????????????????????????????????????

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin ilk DOST mərkəzinin fəaliyyətə başlamasının 100 günlüyünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual turniri baş tutub.

Terefsiz.az saytı oxu.az – a istinadən xəbər verir ki, turnirin açılışında çıxış edən Əmək və Əhalinin Sosial Müdafiə Nazirinin müavini Anar Əliyev DOST layihəsinin ölkəmizdə həyata keçirilən sosial islahatların uğurlu nəticələrindən biri kimi, dövlət sosial xidmətləri sahəsində innovativ bir yenilik olduğunu vurğulayıb. Nazir müavini  bu turnirin də “DOST Kuboku” adlandırılmasının simvolik məna daşıdığını deyib. Çıxışının sonunda o, iştirakçılara uğurlar arzu edib. Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev və Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev də DOST Agentliyinin fəaliyyətinin əhəmiyyətindən bəhs edib, iştirakçı komandalara uğurlar arzulayıblar.

DOST Agentliyinin təşkilatçısı olduğu bu turnirin keçirilməsi barədə qərar 14 avqust 2019-cu il  tarixində DOST Agentliyinin və ilk DOST Mərkəzinin fəaliyyətə başlamasının 100 günlüyünə həsr edilmiş xüsusi toplantıda verilib. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və DOST Agentliyinin rəhbər işçilərindən ibarət təşkilat komitəsi yaradılıb.

“DOST kuboku” uğrunda “Nə? Harada? Nə zaman?” turnirində müxtəlif dövlət qurumları, banklar, KİV-lər, QHT-lər, könüllü təşkilatlarının nümayəndələrindən, həmçinin pensiyaçılar və əlilliyi olan şəxslərdən ibarət olan, hər birində 6 nəfər olmaqla ümumilikdə 50-yə yaxın komanda iştirak edib. Turnirin məqsədi könüllü hərəkatına dəstək, əməkdaşların və könüllü fəaliyyətə cəlb edilən şəxslərin intellektual bacarıqlarının üzə çıxarılması və asudə vaxtlarının səmərəli təşkili, pensiyaçıların və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası olub. 

Üç turdan ibarət olan turnirdə hər sual üçün 1 dəqiqə vaxt verilib. Turnirdə İqtisadiyyat Nazirliyinin komandası bütün turlarda ən yaxşı nəticə göstərərək qalib olub. İkinci mükafatın sahibi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının komandası olub. Dövlət Miqrasiya Xidməti Könüllüləri komandası isə üçüncü nəticəni göstərib.

Pensiyaçılar arasında “Çinar” komandası 1-ci, “Qəzəl” komandası 2-ci, “İrs” komandası isə 3-cü olub. Gənclərdən ibarət olan komandalar arasında qalib adını Dövlət Miqrasiya Xidmətinin Könüllüləri qazanıb. Könüllü DOST “Bravos” 2-ci yeri, Təhsil Nazirliyinin Könüllüləri isə 3-cü yeri tutub. KİV arasında isə Azərbaycan Televiziyasının komandası qalib olub. İkinci yerə “Azad Azərbaycan” Televiziyası, üçüncü yerə isə “APA Holdinq” layiq görülüb.