Dövlət İmtahan Mərkəzi aprelin 28-də növbəti imtahanlar keçirəcək

0
291

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 28-də əvvəlki illərin məzunları üçün I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsi, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək.

Mərkəzdən verilən xəbərə görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.

Beləliklə, Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 28-də ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları, ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları, Azərbaycan və rus dilləri istisna olmaqla tədris digər dillərdə aparılan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və təhsil almaq istədikləri bölməyə uyğun Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları, xarici dil fənni tədris olunmayan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və elektron ərizə doldurarkən seçdikləri xarici dil fənni üzrə imtahan verən cari ilin məzunları, üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarında (XI sinif) iştirak edə bilməyən cari ilin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar üçün imtahanlar keçiriləcək.

Bu imtahanlarda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada iştirakçılara imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahanlar bütün binalarda eyni vaxtda saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İştirakçılar imtahana  “İmtahana buraxılış vərəqəsi”ni, şəxsiyyəti təsdiq edən sənədin əslini, Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan abituriyentlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini,  əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidmətitərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini,  Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa abituriyentin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) sənədləri gətirməlidirlər.

Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

İmtahanda 20180 (Bakıda 9435, Naxçıvanda 985, Gəncədə 2608, Şəkidə 1037, Bərdədə 1339, Göyçayda 848, Şirvanda 1308, Lənkəranda 1565, Xaçmazda 1055) nəfərin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunması üçün 44 ümumi imtahan rəhbəri, 145 imtahan rəhbəri, 1665 nəzarətçi-müəllim, 44 bina nümayəndəsi ayrılıb.

I,II,III və IV qruplar üzrə qəbul imtahanında iştirak etmək istəyən əvvəlki illərin məzunlarının nəzərinə çatdırırılır ki, onlar mütləq aprelin 28-də qəbul imtahanının birinci mərhələsində iştirak etməlidirlər. Bu imtahanda iştirak etməyənlər qəbul imtahanının ikinci mərhələsinə buraxılmayacaqlar.

İstinad: Report.az

Terefsiz.az