Dövlət başçısı: “İxrac coğrafiyasının genişləndirilməsi ilə bağlı son vaxtlar müəyyən addımlar atılmışdır”

0
99

“İxrac coğrafiyasının genişləndirilməsi ilə bağlı son vaxtlar müəyyən addımlar atılmışdır”.

“Terefsiz.az” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki yekun nitqində bildirib.

“Biz bunu statistikada da görürük. Amma buna daha da ciddi fikir vermək lazımdır. Çünki biz ixracyönümlü iqtisadi model üzərində işləyirik və qeyri-neft ixracını artırırıq. Mənim dediyim rəqəmlər də bunu göstərir. Amma bu rəqabətqabiliyyətli məhsulu istehsal etmək hələ məsələnin həlli deyil, gərək bazara girəsən. Bazar uğrunda da mübarizə gedir, özü də nəhəng şirkətlər tərəfindən. Dünyanın əsas bazarları çoxdan təmin edilib, bölünüb və o bazara girmək üçün gərək hansısa əlavə bir dəyər verəsən. Ona görə bunlara mütləq ciddi baxmaq lazımdır. Sertifikatlaşma getməlidir, emal sənayesi, yüngül sənaye də sürətlə inkişaf etməlidir.

Əfsuslar olsun, baxmayaraq ki, müəyyən addımlar atılıb, amma pambıqçılıqda hələ də yığılan 50 faiz məhsul mahlıc kimi ixrac olunur. Özəl sektor Mingəçevir şəhərində iki, ya üç fabrik qurmuşdu, sonra bu iş dayandı. Ona görə baxmaq lazımdır. Təqdimatlar etmək lazımdır, bəlkə hansısa imtiyazlar vermək lazımdır“, – dövlət başçısı vurğulayıb.

terefsiz.az