Dekabr ayının 10-da saat 16:55-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Diviziyasında silahla davranış qaydalarının pozulması nəticəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2003-cü il təvəllüdlü əsgər Əliyev Məhəmməd Məhərrəm oğlu aldığı güllə yarasından vəfat edib.
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Baş vermiş hadisənin araşdırılması məqsədilə Dövlət Sərhəd Xidməti rəisinin göstərişi ilə Sərhəd Qoşunlarının komandanı hadisə yerinə ezam olunub.
Faktla bağlı prokurorluq orqanları ilə birgə araşdırma işləri aparılır.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat etmiş hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.
Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyev Məhəmməd Məhərrəm oğlunun silahla davranış qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan ölməsi barədə Şəmkir hərbi prokurorluğunda cinayət işi açılıb.
Bu barədəAzərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
Şəmkir hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.
Cinayət Məcəlləsinin 350.2-ci (Silahla davranış qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə başlanılmış cinayət işi üzrə şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.