Dünya Bankı Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozunu dəyişməyib

0
148

Dünya Bankı (WB) bu il və gələn il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozlarını dəyişməyərək sabit saxlayıb.

“TEREFSİZ.AZ” xəbər verir ki, bu barədə WB-ın “Qlobal İqtisadi Perspektivlər” hesabatının iyun sayında bildirilib.

Dünya Bankı Azərbaycanın bu il və gələn il iqtisadi artımı ilə bağlı proqnozunu aprel ayı lə müqayisədə dəyişməyərək müvafiq olaraq 2,7 % və 2,2 % səviyyəsində saxlayıb.

Dünya Bankı 2024-cü ildə isə Azərbaycanda ÜDM-nin 2,3 % artacağını gözləyir.

“Şərqi Avropadan kənarda yerləşən ECA ölkələrində, Rusiya iqtisadiyyatı ilə sıx iqtisadi əlaqələrə görə Mərkəzi Asiya və Cənubi Qafqazın əksər ölkələrində artımın zəifləyəcəyi gözlənilir. Hər iki subregionda artımın 2021-ci illə müqayisədə 2022-ci ildə təxminən iki dəfə azalacağı gözlənilir. Nəticədə Mərkəzi Asiyada iqtisadi artım 2,4 %-ə, Cənubi Qafqazda isə 3,4 %-ə enəcək.

Daha yüksək qlobal əmtəə qiymətləri bəzi iqtisadiyyatlarda (Azərbaycan, Qazaxıstan, Özbəkistan) aktivliyin azalmasını yumşaldan gözlənilməz fürsətlər təmin etsə də, bu fürsətlərin məhdud olacağı ehtimal edilir. Bunun ən əsas səbəbi, Azərbaycanda neft sektorunun tam həcmə yaxın işləməsi, Qazaxıstanda isə əsas boru kəmərində kəsinti ilə bağlı təchizat məhdudiyyətləridir.

Daha geniş mənada, xarici tələbatın və Rusiyadan pul köçürmələrin kəskin azalması, bu iqtisadiyyatların bəzilərinin üzərində yüksək əmtəə qiymətlərindən əldə edilən qazancdan daha böyük təsir göstərəcək”, – hesabatda deyilir.

Dünya Bankı hesab edir ki, Mərkəzi Asiyada, Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq, bu ölkəyə qarşı tətbiq edilən sanksiyalar maliyyə vasitəçiliyi üçün problemlər yaradır:

“Müharibə Qırğızıstan və Tacikistanda borc problemi riskləri də daxil olmaqla digər təhlükəsizlik zəifliklərini də artırır. Hər iki ölkədə bu il istehsalın azalması, daha geniş fiskal və xarici cari hesab kəsiri və kəskin valyuta ucuzlaşması yaşanacağı gözlənilir”.

 

TEREFSİZ.AZ