Dünya Bankı qlobal böhranın qarşısını almaq üçün sanksiyaları yumşaltmağı tövsiyə edib

0
151

Dünya Bankı qlobal böhranın qarşısını almaq üçün sanksiyaları yumşaltmağı tövsiyə edir.

“Terefsiz.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Dünya Bankının prezidenti Devid Malpas İndoneziyada G20 ölkələrinin maliyyə departamentləri və mərkəzi banklarının rəhbərlərinin görüşündə deyib.

Onun sözlərinə görə, Bankın ekspertləri hesab edirlər ki, dünyada iqtisadi riskləri azaltmaq üçün hər yerdə idxal və ixrac məhdudiyyətləri yumşaldılmalı, ərzaq və enerji təchizatı artırılmalıdır.

Devid Malpasın sözlərinə görə, hazırda dünyada humanitar və iqtisadi fəlakət baş verir. “Bir çox ölkədə tənəzzül ehtimalı var”, – Malpas deyib.

O, bir çox inkişaf etməkdə olan ölkələrdə “inflyasiya, valyutanın dəyərdən düşməsi, borclara xidmət xərclərinin artması, həmçinin beynəlxalq ehtiyatların kəskin azalması” riskinin olduğuna diqqət çəkib. “Təbii qazın Avropaya yönləndirilməsi inkişaf etməkdə olan ölkələrdə elektrik enerjisi, qida və gübrə istehsalına ciddi maneədir”, – Bank rəhbəri bildirib.

“Bizim ərzaq, gübrə və enerji təchizatında böyük artıma ehtiyacımız var. Bu, gübrə istehsalında və enerji şəbəkəsində əsas rol oynayan təbii qazın istehsalını artırmaq üçün aydın addımları əhatə edir”, – Malpas bildirib.

“Dünya ölkələri ixraca, idxala və qeyri-məqsədli subsidiyalara qoyulan məhdudiyyətləri yumşaltmalı və aradan qaldırmalıdır”, – o, fikirlərini yekunlaşdırıb.

terefsiz.az