Dünya Bankı Türkiyədə zəlzələnin vurduğu ziyanı 34,2 milyard dollar qiymətləndirib

0
74

Dünya Bankı fevralın 6-da baş verən zəlzələlərin Türkiyə iqtisadiyyatına vurduğu ziyanı 34,2 milyard dollar qiymətləndirib.

“Terefsiz.az”ın məlumatına görə, bu barədə bankın məlumatında deyilir.

Məlumatda deyilir ki, bu, 2021-ci ildə ölkənin ÜDM-nin 4%-nə bərabərdir.

Hesabatda deyilir ki, təbii fəlakətin bərpası və nəticələrinin aradan qaldırılması Türkiyəyə daha baha başa gələ bilər. Belə ki, bərpa və yenidənqurma xərcləri daha yüksəkdir.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Hadisə nəticəsində 44 374 nəfər ölüb.

Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.

terefsiz.az