“Düz” olan “Düz” də qalır

0
313

“Düz” olan “Düz” də qalır.

Mən uşaqlıqdan belə idim. Belə deyərkən; “Sinifdə hansısa uşaq digərinə haqsızlıq etsə, qarışırdım, bacardığımı edərdim. Bu yalnız yaşıdlarımla bağlı deyildi, həm də müəllimləri öz dəcəllikləri ilə incidən uşaqlara da reaksiya verərdim. Edilən yalnış işdə kimin rolu varsa, müəllimə deyərdim. Bu yaltaqlanmaq deyildi. Mənə görə doğru bildiyini müdafiə etmək və qorumaq idi. Məktəbin son illərinə yaxın oğlan sinif yoldaşlarım məndən küsməyə başlamışdılar. Onların təbirincə mən “xəbərçi” idim. Bu ad məni narahat etmirdi. Çünki dediyim kimi doğru bildiyimi edirdim. Mənim üçün müəllimlər müqəddəs idi, hətta bəzən mənə haqsızlıq etsələr də…

İndi də elədir. 28 yaşım var, mənim fikrim hələ də dəyişməyib; ” Müəllimlər müqəddəsdir və onlar da insandır, canları var, əziyyət çəkirlər”.
İllər keçib,mən orta məktəbi də, ali məktəbi də bitirmişəm. İnsan olduğum üçün təbiətin etibarilə səhvlər etmişəm. Qırdığım qəlblər olub, özüm də az qırılmamışam.
-“İnsan qırılmağa öyrəşə bilirmi?”
Bunun cavabını tapmamışam. Amma mən insanların nankorluğuna öyrəşmişəm. İnsan cildində olan hər kəsdən də səhvlərə açığam. Səhv etmək insanın təbiətində var. Deyəsən, insanların mənə edib, edəcəyi səhvlərə də öyrəşmişəm… Ağır gəlmirmi deyə soruşsanız, nə qədər insandan hər cür səhv gözləsəm də, əlbəttə ki, incidir. Yazdıqlarımı oxuyan kəslər, siz məni tanımırsınız. Çünki mən ən çox “Yazmadıqlarımam”…
Ax nankorluq, sən insanlığın güzgüsüsən!

Mən Azərbaycanda yaşayıram. Saçlarımın ucundan, ayaq barmaqlarımın ucuna qədər azərbaycanlıyam.
-Amma necə bir azərbaycanlı?
Kiçik, böyük rütbəli kəslərə sərf etməyən bir azərbaycanlı… Onların təbirincə “işverən, şərçi, böhtançı, problemli şəxs”…
Canımda xəstəlik, ruhumda insanların qəddarlığının yaratdığı yorğunluq…
Sanki mənə xoşdurmu, mənə “dəli”, “problemli”, “işverən” nəzərlərlə aşağılayıcı yanaşmaları? Sanki cibimdə pul olmaya-olmaya “get-gəllər”də qalmaq xoşdurmu?!
Mən həm özümün, həm də tanımadığım, heç bir təmmana güdmədiyim insanların haqlarını haqsızlıqdan qorumağa çalışıram. Mən hər kəsi xilas edə bilmərəm, bunu çox gözəl bilirəm. Hətta xilas edə bilmədiyim insanların içində özüm də ola bilərəm, nə bilim… Həyatın işini bilmək olmur.

Yazılarımı kim anlayacaq, bilmirəm. Bəlkə başıma nəsə gəlsə, daha yaxşı anlaşılaram. Bir şeyin olacağı varsa, olacaq. Çünki buna Allah izn vermişdir deməkdir. Yox, olmayacaq bir şeydirsə, Allah hər bir yolla qarşısını alar.
Allah… Mənim, sizin, canlı təbiətin, sevginin, hətta iblisin yaradıcısı…

Kənardan mənə, əxlaqına necə dəyər verirsinizsə, əmin olun ki, verdiyiniz dəyər əslində özünüzə verdiyiniz dəyərdir. Çünki kimin içi necədirsə, hər kəsi elə bilir. Kimin içi qaranlıqdırsa, məni də, əxlaqımı da, mənəviyyatımı da qaranlıq bilir, elə tanıyır.
Və yenə Allah! Mənim çox böyük dayağım, dostum, dəstək verənin var.
Mənə ən böyük yaxşılığın edilməsinə, ən böyük pisliyin edilməsinə icazə verənim var. Başıma nə gəlirsə, o istəyir deyə gəlir. Gah cəza, gah mükafat olaraq. Ətrafımda çoxlu işini haqqı ilə həyata keçirməyən, şeytan xislətli insanlar var. Onlar varsa, mənim sevgiyə, ədalətə, ən əsası, Allaha olan inancım var. Hansı şər, hansı böhtan, hansı pislik Allahdan böyükdür?!

Sizin vəzifəniz, rütbəniz, pulunuz, “day-day”larınız varsa, mənim, bizim də Allahımız var. Bu yazım ateistləri narahat edə bilər. Siz “Yoxluğa”, “Elmə” inanırsınız. Canınız sağ olsun, mən sizə hörmət edirəm. Ümid edirəm ki, bu hörmət qarşılıqlıdır.
Ay məni “şərçi”, “böhtançı”, “problemli” hesab edən “İzləyənlərim”, ümid edirəm ki, bu yazım hər hansı bir yolla qarşınıza çıxar.

Yazının müəllifi: Bənövşə Mahmudqızı

terefsiz.az