Elina Hacıyeva ilə bağlı məhkəmə prosesi

0
1344

Çərşənbə günü Bakının Səbail Rayon Məhkəməsində Azər Tağıyevin sədrliyi ilə 162 nömrəli məktəbin keçmiş direktoru Sevinc Abbasovanın işi üzrə prosesdə mahiyyəti üzrə dinləmələr başlayıb.

 

O, 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı cəlb edilib. Ona qarşı CM-in 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb. Amma 125-ci (özünü öldürmə həddinə çatdırma) maddə ilə heç kim məsuliyyətə cəlb edilməyib. Abbasova ev dustaqlığındadır.

 

İclasın əvvəlində zərərçəkmiş tərəfin vəkilləri bu işə böyük ictimai maraq olması ilə əlaqədar jurnalistlərin zala buraxılması barədə vəsatət qaldırıblar. Amma hakim zalın dolu olduğunu əsas gətirərək, vəsatəti təmin etməyib.

 

Daha sonra prokuror Əsədulla Ramazanov ittiham aktını elan edib. Müttəhim Abbasova özünü təqsirli bilməyib. Bunun ardınca mərhumun anası Sevil Hüseynova bildirib ki, qızı bu məktəbə keçdikdən dərhal sonra problemləri başlayıb: sinif yoldaşları onu sıxışdırmağa başlayıblar.

 

“Mən 3-4 dəfə məktəbə gedib, bu barədə Sevinc Abbasovaya bildirmişəm. O, tədbir görməyi vəd edib, amma heç bir təsirli tədbir görməyib və qızıma təzyiq davam edib”, deyə Hüseynova bildirib.

 

Bundan başqa, növbəti dəfə o, direktorun yanına gəldikdə o, əsəbi şəkildə: “Bir daha məktəbimə gəlməyin” deyib.

 

Hüseynovanın sözlərinə görə, bəzi məktəblilər Elina və rəfiqəsi haqqında onların guya lezbiyan olması barədə şaiyələr yayıblar.

 

“Bir dəfə məktəbdən gəldikdə Elinanın boğazında kəsik izi gördüm. Elina mənə dedi ki, rəfiqəsi ilə zarafat edərkən boğazı cızılıb. Amma sonra rəfiqəsi mənə dedi ki, Elina lezviya ilə boğazını kəsmək istəyib. Bir dəfə də başqa bir məktəbli Elinanın başına soyuq su töküb”, deyə Hüseynova bildirib.

 

Onun sözlərinə görə, Elina bir neçə məktəbli, onların dostları və qohumları tərəfindən təzyiqə məruz qoyulurdu.

 

Aprelin 4-də saat 11:00 radələrində anaya məktəbdən zəng ediblər və Elinanın pəncərədən yıxıldığını bildiriblər.

 

“Mənə dedilər ki, Elina pəncərədən yıxılıb, yüngül xəsarət alıb, amma məni xəstəxanada onun yanına buraxmadılar. Aprelin 6-da hay-küy salandan sonra məni içəri buraxıblar, onda da artıq Elina keçinmişdi”, deyə Hüseynova bildirib.

 

Səbail rayon İcra Hakimiyyəti başçısının müavini, Qəyyumluq Komissiyasının keçmiş sədri Xalidə Bayramova ifadə verərək məktəb direktoru Sevinc Abbasova ilə münasibətlərinin yaxşı olduğunu bildirib.

 

“Aprelin 4-də S.Abbasovadan mənə zəng gəldi, hadisə barədə dedi. Mən də ona dedim dərhal polisə, təcili yardıma xəbər et. Özüm də məkəbə gəldim. O zaman Elina hələ otaqda idi. Mənə dedilər ki, məktəbin ikinci mərtəbəsindəki pəncərədən yıxılıb, amma sonra videogörüntülər göstərdi ki, ikinci yox, üçüncü mərtəbədəki pəncərədən yıxılmayıb, özünü yerə atıb.

 

Zəng etdim, təcili yardım gəldi, xəstəxanaya aparıldı. Mənimlə danışanda Elina dedi ki, 30-a qədər həb qəbul edib, daha yaşamaq istəmir. Ona görə toksikoloji müayinəyə göndərmək istədik, amma ağrılarına görə bunu edə bilmədik. Xəstəxanada həkimlər dedi ki, xəsarəti ağır deyil, ağciyərində yüngül xəsarət var”, deyə Bayramova bildirib.

 

Mərhumun nənəsi Solmaz Əsgərova da nəvəsinin ölümündə məktəbi təqsirli bildiyini söyləyib.

 

Elinanın atalığı Seymur Hüseynov və atası Ədalət Hacıyev bildiriblər ki, xəstəxanada həkimlər onlara xəsarətlərin ağır olmadığını və aprelin 6-da onun palataya keçiriləcəyini deyiblər.

 

Məhkəmə prosesində fasilə veriləndə təqsirləndirilən Abbasova jurnalistlərə bildirib ki, özünü qismən təqsirli bilir, belə ki, hadisə onun rəhbərlik etdiyi məktəbdə baş verib. O, qızı xilas etmək üçün əlindən gələni etdiyini, onunla xəstəxanaya getdiyini, yanında olduğunu bildirib.

 

2019-cu il aprelin 4-də 162 nömrəli məktəbin şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. Faktla bağlı Bakı şəhər Prokurorluğunda CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

 

Sonradan məktəbin direktoru Abbasova iş üzrə məsuliyyətə cəlb edilib. Ona qarşı CM-in 143 və 314.2-ci maddələri ilə ittiham irəli sürülüb. Amma 125-ci maddə ilə heç kim məsuliyyətə cəlb edilməyib.