Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının Prezidenti və Baş katibi ilə görüşüb

0
165

Slovakiyanın Bratislava şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 26-cı görüşü çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının Prezidenti George Tsereteli və qurumun Baş katibi Roberto Montella ilə görüşüb.

Terefsiz.az xəbər verir ki, XİN-dən verilən məlumata görə, görüşdə ATƏT Parlament Assambleyası ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib və konstruktiv dialoq və anlaşma ruhunda əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Parlament diplomatiyasının əhəmiyyətini xüsusi qeyd edən nazir Elmar Məmmədyarov, ölkəmizin bu istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırdı.

Görüşdə, nazir Elmar Məmmədyarov ölkəmizdə aparılan struktur islahatları və idarəetmənin təkmilləşdirilməsi haqqında danışıb və dövlət başçısının sərəncamı ilə Milli Məclisə növbədənkənar seçkilərin gələn ilin fevral ayında keçiriləcəyini qarşı tərəfin diqqətinə çatdırıb.

Nazir parlament seçkilərinin azad, ədalətli, şəffaf və demokratik şəkildə keçiriləcəyi və Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə inamını vurğulayıb.

Öz növbəsində, G.Tsereteli və R.Montella Azərbaycanın ATƏT PA-nın işində məhsuldar iştirak etdiyini və qurumun fəaliyyətinə mühüm töhfə verdiyini razılıqla qeyd edərək, ATƏT məkanında parlament əməkdaşlığı istiqamətinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladılar.

Həmçinin, tərəflər ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun yaradılmasının tərəflər arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdiyini bildirdilər.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.

İstinad: Oxu.az

Terefsiz.az