İlk baxışdan SpaceX şirkətinin Mars üçün olan kosmik gəmisinin prototipinin test uçuşu məsələsi şirkətin Starlink layihəsi çərçivəsində Yer kürəsinin orbitinə göndərəcəyi peyklərin məsələsi fonunda kölgədə qalmışdı. Lakin şirkətin Starhopper proqramı artıq hazır vəziyyətdədir.
Terefsiz.az saytı xəbər verir ki, ABŞ Federal Communications Commission nizamlayıcı orqanına şirkət tərəfindən bu məsələ ilə bağlı göndərilmiş sorğu da bunu təsdiləyir.
Bu barədə Hightech.plus saytı xəbər verib. Raketin test uçuşları Texas ştatının Boka-Çika adlı test poliqonunda keçiriləcək. Raket ilk öncə 500 metr yüksəkliyə qalxacaq və uğurlu olacağı halında bu yüksəklik 5 km-ə kimi təşkil edəcək.
Qeyd etmək lazımdır ki, Starhopper SpaceX şirkətinin Starship raketinin konstruksiya baxımından sadələşdirilmiş və kiçildilmiş prototipidir.
Elon Musk məhz Starship kosmik gəmisi vasitəsilə insanları Marsa göndərməyi planlaşdırır.
Test uçuşlarının əsas məqsədi isə Raptor adlı mühərrikləri yoxlamaqdır. SpaceX şirkəti aprel ayının əvvəlində Raptor mühərrikinin ilk testini reallaşdırmışdır. Lakin həmin test statik test xarakterini daşıyırdı və onun çərçivəsində Raptor mühərriki sadəcə 3 saniyə çalışmışdı. Starhopper adlı prototip raketdə yalnız bir ədəd Raptor mühərriki quraşdırılıb.
Musk-ın hesablamalarına əsasən Yer kürəsinin orbitinə çıxmaq üçün raketə 3 ədəd Raptor mühərriki, Marsa yollanmaq üçün isə daha çox mühərrik lazım olacaq. Məlum olan odur ki, Starhopper adlı prototip raket Starship raketinin tam versiyasının diametrinə (9 metr) sahibdir. Beləliklə prototip olan versiyada perspektiv baxımından mühərriklərin sinxron çalışma sistemni də test etmək olar. Daxilində faydalı yükün olacağı ilk Starship raketinin Marsa 2022-ci ildə yollanacağı planlaşdırılır. Həmin uçuşdan 2 il sonra isə Starship raketi ilə insanlar Marsa yollana biləcəklər. Şirkətin planı məhz bundan ibarətdir. NASA Mars-a uçuşu insanlıq tarixinin ən ciddi mühəndislik tapşırığı hesab edir.
Terefsiz.az