Ölümcül xəstəlik deyil bəlkə də, amma 10 ildir xəstəyəm. Bu 10 il ərzində neçə dəfə dişlərim qırıldı, neçə dəfə bədənimin hissələri göyərdi və ya neçə dəfə atamı ağlayan sifətdə gördüm unutmuşam… Bu xəstəlik öldürmür, amma yaşadır da sayılmaz. Bəzən aylarca tutmaz. İnsan unutqan varlıqdır. O insani unutqanlıqdan məndə də var. Bəzən unudaram xəstə olduğumu. Mən öz yıxılmasına gülən adamam. Amma sevdiklərimin mənə görə axıtdığı göz yaşlarına bir türlü gülməyi öyrənə bilməmişəm. Məsələn, böyüyüb, boya – başa çatarsan, səni ailəndən kənar sevən bir cavan olar, o sənə təəccüblə, yarı qorxudan bərəlmiş gözlərilə baxar, yazığı gələr, üzülər. Sən onun gözlərindəki mənzərədən anlayarsan ki, sənə canı yanır. Beyninin bir kənarında sevir ki canı yanır deyə düşünərsən, bir yandan da evləniləcək yaşa gəldim, niyə hələ də mən bu xəstəliklə əlləsirəm deyə suallar verərsən özünə. Xəstəliyin yaşı yoxdur ki… Hər yaşda tutar və hər yaşda pisdir xəstəliklər. Bir həftəlik qripdən söhbət getmir. O qədər insan vardır ki, illərcə əziyyət verirlər xəstəlikləri ilə sevdiklərinə. Mən də onlardan biriyəm. Əziyyət deyil çəkdiyim. Allahın verdiyi hər şey qəbulumdur. Amma verdiyim əziyyətdir… Çəkdiyimi yox, verdiyim əziyyəti qəbul edə bilmirəm. Sevdiklərimin zənnilə mən özümə baxmıram. Öz qeydimə qalmıram deyə bitmir bu xəstəlik. Amma onlar bilmirlər ki, mən bu illərdə nəinki özümə baxmaq istəmirəm, içimdəki hər tutmadan sonrakı intihar istəyini güclə boğuram. İçimdəki üsyanları yatırmağa o qədər vaxtım gedir ki, ayılanda artıq digər tutmam tutmuş olur. Son vaxtlar xəstəliyimi xərçəng xəstəliyi ilə müqayisə edirəm. Əslində elə də fərq olmadığını yeni anlamışam. Hər ikisinin yüngülü, ağırı var. Hər ikisi illərlə davam edir. Ən əsası isə hər ikisi illərlə əziyyət verir insanın sevdiklərinə… Bircə fərq var; o da mənim xəstəliyimin gülünc vəziyyətə düşmə anları çoxdur. Amma zamanla öyrəşər xəstə o gülüşlərə də, düşdüyü gülünc vəziyyətlərə də… Yeni ayaq açmış bir körpədən daha çox yıxıb məni bu xəstəlik. İntihar edənlərdən həmişə zəhləm gedib. Çünki onlar eqoist olmuşdular. Ölümlərinin onları bu dünyada cəmi bir nəfər belə sevsə də, intihar sonrası həmin sevdiyinin gözündən bərq vuran əzabı düşünməmişdilər. Amma mən hər tutmadan ayıldıqdan sonra məni sevənlərin gözlərindən bərq vuran o əzabın, o qorxunun, o təlaşın bərqini gördüm. Mən o intihar edənlər bir dəfə ölmüşdülərsə, hər bərqdə ölmüş biriyəm. Adam öldüyünü də unudar. Nə qədər ki, bu bədən sağdır, sən hələ ölənə qədər, nə qədər öldüyünü unudacaqsan. Unudub xəstəliyini, normal biri kimi yaşamağa çalışdığın ən qızğın zamanlarda, bəlkə ən çox sevildiyin, ən çox xoşbəxt olduğun, bəlkə də ən çox bədbəxt olduğun məqamlarda tutacaq tutman. Və xəstə xatırlayacaq ki, o neçə ilin xəstəsidir. Hər xatırlatdığı məqam öz fərqliliyi ilə seçiləcək. Yaşatdığı fərqli hisslər ilə seçiləcək hər xatırlatdığı məqam. Bu bir epilepsiya xəstəsinin qeydləri idi. Bunu yazdıran isə ” bəzən xəstə olduğumu unuduram ” cümləsinin ilhamı idi…
Bənövşə Mahmudqızı