Ermənistan blokadaya düşə bilər – Azərbaycan üçün qaçınılmaz fürsət

0
208

Son günlər regionda baş verən proseslər bədxah qonşumuz olan Ermənistan ictimaiyyətində ciddi panika yaradıb. Ermənistanla həmsərhəd ölkələr olan Gürcüstanın Rusiyayla, İranın isə ABŞ-la münasibətlərinin kəskinləşməsi Ermənistan siyasi dairələrində “blokada xofu” yaradıb.

Terefsiz.az xəbər verir ki, ötən günlərdə Qondarma Dağlıq Qarabağ respublikasının sabiq daxili işlər naziri Armen Melikyanda bununla bağlı bir açıqlama verib. O, verdiyi açıqlamada İran və Gürcüstanda baş verənlərin Ermənistanın blokadaya düşməsi ilə nəticələnə biləcəyini qeyd edib.

Nəzərə alsaq ki, Ermənistanın həmsərhəd olduğu digər iki dövlət ərazilərini işğal etdiyi Azərbaycan və heç bir diplomatik münasibət qurmadığı Türkiyədir, onda bu qorxunun səbəbini daha aydın başa düşə bilərik.

 

Bəs Rusiya-Gürcüstan, İran-ABŞ münasibətlərinin kəskinləşməsi hər iki dövlətlə qonşu olan Ermənistanın siyasi və iqtisadi durumuna necə təsir edəcək?

Məlumdur ki, İyunun 20-də Tbilisidə 26-cı Parlamentlərarası Pravoslav Assambleyasının toplantısı keçirilib. Gürcüstan ərazisinin işğalında iştirak etməsi ehtimal edilən Qurumun sədri, Rusiya Dövlət Dumasının üzvü Sergey Qavrilovun parlament sədrinin kreslosunda oturması və oradan nitq söyləməsi qonşu ölkədə etiraz aksiyasının başlamasına səbəb oldu. Etirazçıların spikerin və DİN rəhbərinin istefası şüarları ilə parlament binasına girmək cəhdinin rezin güllə və sair vasitələrlə polis tərəfindən qarşısının alınması yüzlərlə insanın saxlanılması və xəsarət alması ilə yekunlaşdı. İnsidentin ardından parlamentin spikeri İrakli Kobaxidzeistefa verdi, ölkə başçısı isə öz “Facebook” səhifəsində Rusiyanı “düşmən” və “işğalçı” adlandırdı. Bundan sonra Rusiya prezidenti Vladimir Putin iyulun 8-dən Gürcüstanla sərnişin avia daşınmalarının müvəqqəti qadağan edilməsi haqqında fərman imzaladı. Rusiyanın Nəqliyyat Nazirliyi 8 iyuldan Gürcüstan avia şirkətlərinin də Rusiya ərazisinə uçuşlarının dayandırılacağını elan edərək bunu lazımi təhlükəsizlik səviyyəsinin təmin olunmasının gərəkli olması və vaxtı keçmiş borcun mövcudluğu ilə əlaqələndirdi. Qeyd edək ki, Gürcüstanla Rusiya arasında münasibətlərin daha da gərginləşməsi və iqtisadi və diplomatik əlaqələrin dayandırılması da Gürcüstan parlamentində ciddi müzakirə olunan mövzulardan biridir.

 

ABŞ və İran arasında isə son günlər artan gərginlik, ABŞ-ın Körfəzə hərbi donanma göndərməsi, Körfəzdən keçən tankerlərə İran tərəfindən atəş açılması və son olaraq bu gün İranla ABŞ arasında diplomatik münasibətlərin dayandırılması iki dövlət arasında hər an genişmiqyaslı münaqişənin baş verə bilcəyi riskini özündə ehtiva edir.

Ermənistan üçün hazırda əsas “nəfəs karidoru” İran və Gürcüstandır. Ermənistan regionun ən az turist cəlb edən ölkəsidir və bu turistlərin 20%-i Rusiyadan, 14%-i isə İrandan gəlir. Hazırda İran turistləri və iş adamları Ermənistan bazarlarını canlandıran əsas lokomotivdir. İran həm də Ermənistanın ən çox məhsul idxal etdiyi 5 dövlətdən biridir. İrandan Ermənistana çəkilən qaz kəməri, regional elektrik qovşağı və dəmiryolları layihələri də iki dövlət arasında iqtisadi əlaqələrin gələcək perspektivklərindən xəbər verir. Lakin İranın ABŞ-la münasibətlərinin daha da kəskinləşməsi, ABŞ-ın ona qarşı sanksiyalara start verməsi bu ölkənin iqtisadiyyatında ciddi böhran yaratdı. İranın iqtisadi durumunun ağırlaşması da təbii ki, Ermənistanla olan ticarət dövriyyəsinin aşağı düşməsinə və turist axınının azalmasına gətirib çıxarır. ABŞ-la hərbi münaqişənin yaşanması ehtimalında isə İranın qapıları Ermənistanın üzünə bağlanacaq, desək yəqin ki, yanılmarıq. ABŞ-la müharibə aparan İran Ermənistanın nəinki iqtisadi partnyoru ola bilməyəcək, eyni zamanda, qonşuluğundakı Azərbaycan müqabilində Ermənistanla əməkdaşlıqdan çəkinəcək. Buna səbəb Azərbaycanın İsraillə olan müttəfiqliyidir ki, əgər İran ABŞ-la münaqişəyə başlasa ilk görəcəyi iş, Azərbaycanın neytrallığını təmin etməkdir. Azərbaycan isə həmişə neytral pozisiyadadır, təki, İran Qarabağ münaqişəsində tərəf tutmasın və neytral qalsın. Hazırda İran iqtisadi və siyasi cəhətdən blokakadır və özünə nəfəs koridoru axtarır. İranın regionda ən perspektivli iqtisadi əməkdaşı isə təbii ki, neft və qaz ölkəsi Azərbaycandır. Ona görə də ABŞ-la münaqişə baş verməsə belə, yaxın zamanlarda İranla Azərbaycan münasibətlərində yaxınlaşma başlaya və Ermənistanın blokadası daha da genişlənə bilər.

Terefsiz.az