Etirazlardan sonra Əflatun Fərəcov ” Şəhid ” olaraq, dəfn edilə bildi.

0
617

“Əflatun Fərəcov şəhid kimi dəfn olundu, ailəsinə bayraq verildi”.

 

Noyabrın 21-də Qarabağ müharibəsində həlak olmuş Əflatun Mircahangir oğlu Fərəcovun nəşi doğulduğu Lənkəran şəhərinin Osakucə kəndinə gətirilib.

Kənd sakinlərinin sosial şəbəkələrdə yaydığı məlumata görə, əvvəlcə gənc əsgərin avtomobil qəzasında həlak olduğu deyilib. Ancaq kənd sakinləri buna etiraz ediblər və Əflatun Fərəcovun şəhid kimi dəfn olunmasını istəyiblər.

Narazılıq böyüyüb və kənd sakinləri nəşi Lənkəran Şəhər İcra Hakimiyyətinin qarşısına aparmağa çalışıblar.

Əsgər yaxınlarının Meydan TV-yə dediyinə görə, Əflatun Fərəcovun 19 yaşı varmış, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib:

 

“Əflatun valideynlərini vaxtsız itirib. Nəşini gətirəndə bacı-qardaşına deyiblər ki, avtoqəzada ölüb. Açıb meyidə baxanda görüblər güllə yarası var. Ekspertiza çağırıblar. O da gəlib, kağıza baxıb, deyib: “Burda nə yazılıbsa, odur”. Məqsədləri şəhid adından məhrum etmək olub. Ondan sonra kənd camaatı etiraz etdi, şəhərə doğru getdik. Şəhərin mərkəzinə getmək üçün daha 2 kənd keçirik, ordan da adamlar qoşuldu. Təxminən 3 minə qədər adam vardı”.

 

Osakucə kəndi şəhərdən 15 km kənarda yerləşir. Kənd sakinləri deyir ki, Veravul kəndində etirazçıların qarşısı kəsilib:

 

“İcra hakimiyyəti dedi ki, əsgərimiz şəhid kimi dəfn olunacaq və onun statusu bərpa ediləcək. Bundan sonra şəhidimiz dəfn olundu və ailəsinə bayraq bağışlandı”.

 

Osakucə kənd bələdiyyəsinin sədri Həkət Cavadova Meydan TV-yə deyib ki, Əflatun Fərəcov şəhid kimi dəfn edilib:

 

“Mən sizə etirazlar haqqında heç bir məlumat verə bilmərəm. Amma əsgərimiz şəhid kimi dəfn olundu və icra başçısı da yüksək səviyyədə mərasimdə iştirak etdi. Bilmirəm kimdir bu məsələni hallandıran, amma icra başçısının, hərbi komissarın zəhmətini yerə vurmaq insafsızlıq olar. Əvvəlcə anlaşılmazlıq oldu, arayışda avtoqəza yazılmışdı. Etiraz etdilər. İcra başçısı araşdırdı, lap general səviyyəsinə çıxdı, dəqiqləşdirdi. Gərək haqqı danışaq, heç kimin zəhmətini yerə vurmaq olmaz. Bizim kənddən 3 şəhid olub, bu dördüncüdür. Hamısı da yüksək səviyyədə dəfn olunub”.

 

Lənkəran Şəhər İcra Hakimiyyəti məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir ki, bəzi sosial şəbəkə istifadəçilərinin paylaşdıqları məlumatların heç biri həqiqəti əks etdirmir:

 

“Belə ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə şəhidlik statusunun verilməsi ümumiyyətlə şəhər İcra hakimiyyətinin səlahiyyətinə aid olmayan məsələ olduğundan şəhər İcra hakimiyyətini bu statusu verməməkdə ittiham etmək tamamilə əsassızdır. İkincisi işğal olunmuş torpaqların azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşub həlak olmuş lənkəranlı şəhidlərin hər birinin, o cümlədən döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş Əflatun Fərəcovun dəfn mərasimi şəhər İcra hakimiyyətinin rəhbərliyi, şəxsən İcra başçısı başda olmaqla hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyəti nümayəndələrinin, əmək kollektivlərinin, ziyalıların, din xadimlərinin iştirakı ilə izdihamlı şəkildə vətənpərvərlik şüarları ilə keçib”.

TEREFSİZ.AZ