Festivalda 15 yerli və xarici teatrlar iştirak edəcək
Lənkəranda Birinci Beynəlxalq Uşaq Teatrları Festivalı keçiriləcək.
Tərəfsiz.az Oxu.az-a istinadən xəbər verir ki, iyunun 1-dən 5-dək Lənkəranda Birinci Beynəlxalq Uşaq Teatrları festivalı keçiriləcək. Mədəniyyət Nazirliyinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən bu sənət bayramı ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramına uyğun olaraq Lənkəran Dövlət Dram Teatrının səhnəsində reallaşacaq.
Festivalda ölkəmizin 10 sənət ocağı – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət KuklaTeatrı, Lənkəran Dövlət Dram Teatrı, Bakı Uşaq Teatrı, Qax Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı, Salyan Dövlət Kukla Teatrı və Ol Teatrı öz tamaşaları ilə çıxış edəcək.
Festivalda həmçinin Böyük Britaniyanın “Two Destination” Teatrı, Gürcüstanın Azad Teatrı, İranın “Muğan Hünər” və “Mika” Teatrları, habelə Ərdəbil şəhər teatrının kollektivləri iştirak edəcək.
Festival günlərində teatr truppaları təqdim olunacaq tamaşalara baxmaqla yanaşı, bir-birilə sənət mübadiləsi edəcək, Lənkəranın gəzməli-görməli məkanları ilə də tanış olmaq imkanı qazanacaqlar.