FIDE-nin prezidenti Arkadi Dvorkoviç Bakıya gələcək

0
95

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Bakıya gələcək.

Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, məqsəd Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalının açılış mərasimində iştirak etməkdir.

Arkadi Dvorkoviç səfər zamanı bir sıra mühüm görüşlər keçirəcək.

Qeyd edək ki,bu gün ilk turu oynanılan mötəbər turnir, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə Baku Crystal Hall-da keçirilir.

Festivalda şahmatçılar üç qrupda (A, B və C) mübarizə aparır. Hər üç qrupda yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. Ümumilikdə festivalda iştirakla bağlı 23 ölkədən 607 şahmatçı qeydiyyatdan keçib. İştirakçılar sırasında 44 beynəlxalq qrossmeyster, 44 beynəlxalq usta və 41 FİDE ustası var. Yarışın reytinq favoriti Hans Nimandı. ABŞ təmsilçisi 2708 FİDE reytinqinə sahibdi.

Festivalda A qrupunda Azərbaycanı Rauf Məmmədov, Nicat Abasov, Eltac Səfərli, Misrətdin İsgəndərov, Aydın Süleymanlı, Namiq Quliyev, Məhəmməd Muradlı, Abdulla Qədimbəyli, Ülvi Sadıqov, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Read Səmədov, Orxan Abdulov, Ülviyyə Fətəliyeva, İsmayıl Şahəliyev, Vüqar Manafov, Gövhər Beydullayeva, Gülnar Məmmədova və digərləri təmsil edir.

Beynəlxalq Şahmat Festivalı günlərində Baku Crystal Hall-da həm də veteranlar arasında şahmat üzrə Azərbaycan çempionatı təşkil olunacaq.

Beynəlxalq Şahmat Festivalının ümumi mükafat fondu 55 000 ABŞ dolları təşkil edir. Yarışın A qrupunun qalibi olan şahmatçı 12 min ABŞ dolları və xüsusi hazırlanan kuboku qazanacaq. Festivalın C turnirində hər yaş qrupunda (U08, U10, U12) qalib olacaq şahmatçılar Rumıniyada keçiriləcək yeniyetmələrin Avropa çempionatına ezam ediləcək.
Yarışda ilk tur mayın 4-də saat 14-30-da başlayacaq. “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi mayın 5-də keçiriləcək.
Qeyd edək ki, “Nar” Beynəlxalq Şahmat Festivalının telekommunikasiya tərəfdaşı seçilib.

Mayın 5-də açılış mərasimi təşkil olunacaq “Baku Open 2023”ə mayın 12-də yekun vurulacaq.

terefsiz.az