Bir neçə gün əvvəl iştirak etdiyi məclisdə əyləncə görüntüləri ilə geniş müzakirələrə səbəb olan Finlandiyanın Baş naziri Sanna Marin narkotik testindən keçib.
Bu barədə “Terefsiz.az” xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, Marin keçirdiyi mətbuat konfransında hüquqlarının müdafiəsi üçün narkotik testindən keçdiyini açıqlayıb.
Testin nəticələrinin bir həftə sonra çıxacağını deyən Marin dostları ilə spirtli içki qəbul etdiyini vurğulayaraq, narkotikdən istifadə etmədiyini bildirib.
Baş nazir məclisdə əylənməsini müdafiə edərək, həftə sonu rəsmi görüşünün olmadığını, sadəcə dostları ilə vaxt keçirdiyini və qanunsuz heç bir hərəkətə yol vermədiyini bildirib.
“Qəbul etmək lazımdır ki, bəzən qərarvericilər də rəqs edir, mahnı oxuyur və əylənirlər”, – Sanna Marin görüntüləri ilə bağlı ictimaiyyətin fikirlərinin xalqın qərarı olduğunu ifadə edib.
Qeyd edək ki, bu günlərdə Baş nazirin bir kişi ilə rəqs görüntüləri ictimaiyyətə sızdırılıb. Baş nazirin deputat İlmari Nurminen və teleaparıcı Tinni Vikström də daxil olmaqla finlandiyalı məşhurlarla əyləndiyi videolar ölkə gündəminə düşüb. Görüntülər sosial mediada mübahisələrə səbəb olub, bəziləri Marini məsuliyyətsiz hərəkət etdiyinə görə tənqid edib, digərləri isə bunun 36 yaşlı Baş nazirin populyarlığını artırdığını vurğulayıb.
Görüntülərdə Marinin dostları ilə çılğıncasına rəqs etməsi, mahnı oxuması, insanların isə arxa planda “kokain” deyə qışqırması diqqət çəkib.
Marinin koalisiya müttəfiqi sayılan Mərkəz Partiyasından olan deputat Mikko Karna daha əvvəl tviter hesabında Baş naziri narkotik testindən keçməyə və nəticələri ictimaiyyətə elan etməyə çağırıb.