“Fitch Solutions” Azərbaycanın iqtisadi artım proqnozunu artırıb

0
67

“Fitch Solutions” beynəlxalq kredit reytinq agentliyi bu ilin 5 ayının yüksək göstəricilərinə əsaslanaraq, 2022-ci il üzrə Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozunu 1,7 faiz bəndi artıraraq 3,4 %-dən 5,1%-ə yüksəldib.

“Terefsiz.az” “Report”un “Fitch Solutions” şirkətinin hesabatına istinadən verdiyi xəbərə istinadən bildirir ki, ilin əvvəlindən ölkə iqtisadiyyatı 7,2 % artıb ki, bu da son beş ilin ən yüksək göstəricisidir.

“Biz Azərbaycan iqtisadiyyatının yüksək göstəricilərini əsasən qlobal neft qiymətlərinin artması ilə əlaqələndiririk. Azərbaycan ilk növbədə Avropa İttifaqı və Türkiyə ilə ticarət apardığı üçün Cənubi Qafqazın digər bazarları ilə müqayisədə Rusiya iqtisadiyyatından nisbətən az təsirlənir.

Rusiyadan pul köçürmələri Azərbaycanın ÜDM-nin 3 %-ni təşkil etdiyi halda, qonşu Ermənistanın isə 10 %-i təşkil edir.

Ancaq Avropa qitəsi üçün iqtisadi perspektivin pisləşdiyini nəzərə alsaq, bunun da 2022-ci ilin ikinci yarısı və 2023-cü ilin əvvəlində Azərbaycan iqtisadiyyatının artımına təzyiq göstərəcəyini gözləyirik. Beləliklə, biz Azərbaycanın iqtisadi artımının 2023-cü ildə 3,5 %-ə qədər yavaşlayacağını gözləyirik”, – “Fitch Solutions” qeyd edib.

“Ümumilikdə, istehlak xərcləri real əmək haqqının hələ də müsbət artımı ilə dəstəklənəcək. Təzyiq artmaqda davam edir və real əmək haqqı artımının zəifləməsini də qeyd edirik. Kontinental Avropanın əksər ölkələri kimi, Azərbaycan da Rusiyanın işğalı nəticəsində Ukraynadan tədarükün kəsilməsi səbəbindən yüksək ərzaq qiymətlərinin təsirinə məruz qalıb. May ayında istehlak qiymətləri inflyasiyası illik müqayisədə 12,6 % artıb, bu isə 2016-cı ildən bəri qeydə alınan ən sürətli artım tempidir, eyni dövrdə ərzaq qiymətləri isə 17,9 % artıb. İnflyasiya nominal əmək haqqı artımını ötməyə başlayarsa, artan qiymətlər tələb üçün dağıdıcı olacaq. Aprel ayına olan məlumata görə, nominal əmək haqqının artımı illik müqayisədə 14,2 % təşkil edib ki, bu da həqiqətən mart ayındaki 13,4 %-dən yüksəkdir”.

“Fitch Solutions” 2021-ci ildəki 6,4 %-lik daralma ilə müqayisədə kapital yığımı 2022-ci ildə bir qədər artaraq 3,8 %-ə çatacağını proqnozlaşdırır:

“Mərkəzi Bankın hesabladığı aylıq kapital qoyuluşu indeksinə əsasən, 2022-ci ilin əvvəlindən bu yana daralma tempinin (3,2 %) aşağı düşməsi mənasında indeks cüzi yaxşılaşma göstərir. Bu göstərici may ayından bəri 11 % yüksək artım nümayiş etdirən və bütövlükdə 2021-ci ildə qeydə alınan 7,2 %-dən daha güclü olan Azərbaycanın qeyri-neft-qaz sektorunun göstəricilərinə uyğun gəlir”.

Agentlik 2021-ci ildəki 6 %-lə müqayisədə 2022-ci ildə dövlət istehlakında 1,1 %-lik cüzi illik artım qeydə alıb. Hazırda, Azərbaycan iqtisiadiyyatı artımı dəstəkləmək üçün fiskal stimula ehtiyac duymur və hökumətin özünün neftin qiymətinin müsbət dinamikası ilə fiskal siyasətini koordinasiya etmək sahəsində qarışıq təcrübəsi var.

“İyul ayında hökumət sosial müdafiə xərclərini bir qədər artıraraq dövlət büdcəsinə düzəlişi təsdiqləyib, lakin qazandığı neft gəlirlərini nəzərə alsaq, bu ölkəni hələ də büdcə profisiti ilə təmin edəcək

Bizim neft və qaz sənayesi qrupumuz, neft qiymətlərinin orta hesabla 105 ABŞ dolları/barel olacağını gözləyir ki, bu da 2021-ci ildəki qiymətlərdən 48 % yüksəkdir”, – Fitch Solutions bildirib.

Şirkət, xalis ixracın 2022-ci ildə artıma müsbət töhfə verəcəyini və 2021-ci ildəki 1,1 faiz bəndi ilə müqayisədə, bu il göstəricinin 1,7 faiz bəndinə yüksəlməsini gözləyir:

“Azərbaycan üzrə tədiyyə balansı məlumatları yalnız 2022-ci ilin birinci rübünə qədər mövcuddur və ixrac artımının idxal artımından xeyli yüksək olduğu görünür.

Perspektivdə bu tendensiyanın illik 10,8 % ixrac artımı və 8 % idxal artımı ilə davam edəcəyini gözləyirik. Azərbaycanın əsas ticarət bazarlarında artan yüksək risklər nəzərə alındığında, ümumilikdə ticarət 2022-ci ilin ikinci yarısında məhdud olacaq.

Azərbaycanın iqtisadi proqnozu üçün risklər azaldılıb. Bizim artım perspektivimiz qlobal iqtisadiyyatın 2022-ci ildə tənəzzülə girməyəcəyi fərziyyəsinə əsaslanır. Ancaq bir resessiya baş verərsə Azərbaycan neftinə tələbat azalacaq və bu da iqtisadiyyatın digər sektorlarında azalmaya səbəb olacaq”, – “Fitch Solutions” qeyd edib.

terefsiz.az