“Formula One” şirkəti SOCAR Azərbaycan Qran-prisi ərəfəsində indiyə qədər Bakıda baş tutmuş yarışlarla bağlı beş maraqlı məqamı açıqlayıb.
Terefsiz.az F1-in rəsmi saytına istinadən xəbər verir ki, məqalədə Böyük Britaniyanın “Racing Point” komandasının pilotu Sexio Peresin Bakıda 1-dən çox podiuma çıxan yeganə şəxs olduğu bildirilib. 29 yaşlı meksikalı sürücü ilk dəfə 2016-cı ildə hazırkı komandası “Force India” adlanan vaxt 3-cü yeri tutub. O, ötən il də eyni göstəriciyə imza atıb.
Fransanın “Renault” komandasının pilotu Daniel Rikkardo Bakıda 1000-ci xalını qazana bilər. 30 yaşlı avstraliyalı pilota bunun üçün 8 xal əldə etməsi kifayətdir. Əvvəlki mövsümlərdə Avstriya “Red Bull”unun heyətində yer almış Rikkardo 2016-cı ildə 7-ci olub. O, bir il sonra Azərbaycan Qran-prisinin qalibi olduğu halda, ötən mövsüm komanda yoldaşı Maks Ferstappenlə toqquşduğu üçün finişə çata bilməyib.
Cari mövsümdə “Formula 1”də debüt edən pilotlardan Antonio Covinatsi (“Alfa Romeo”, İtaliya), Aleksandr Albon (“Toro Rosso”, İtaliya ) və Corc Rassell (“Williams”, Böyük Britaniya) daha əvvəl Bakıda fəxri kürsünün birinci pilləsinə yüksəliblər. Onlar “Formula 2” yarışlarında qalib olublar. Landro Norris (“McLaren”, Böyük Britaniya) isə 4-cü və 6-cı yerləri tutub.
Böyük Britaniyanın “Racing Point” komandasının pilotu Lens Stroll “Formula 1”də ilk dəfə podiuma Bakıda qalxıb. 2017-ci ildə Böyük Britaniyanın təmsilşisi “Williams”ın heyətində 3-cü yeri tutan zaman kanadalı sürücü 18 yaş 239 günlüyündə olub. O, hələ də “üçlüy”ə düşməyi bacaran ən gənc pilotdur.
Artıq idmanla vidalaşan Almaniyanın “Mercedes” komandasının pilotu Niko Rosberq karyerasında ikinci ən böyük uğurunu Bakıda qazanıb. O, 2016-cı ildə keçirilmiş Avropa Qran-prisinin qalibi olmaqla bərabər, bir dövrəni ən tez – 1 dəqiqə 46,485 saniyəyə başa vurub.
Qeyd edək ki, yeni mövsümün ilk üç mərhələsində “Mercedes” pilotları qalib olublar. Lüis Hemilton Bəhreyn və Çində, onun komanda yoldaşı Valtteri Bottas isə Avstraliyada rəqiblərini qabaqlayıb. Üç mərhələdən sonra Hemilton 68 xalla 1-ci, Bottas 62 xalla 2-ci, Avstriya “Red Bull”undan Maks Ferstappen 39 xalla 3-cüdür.
SOCAR Azərbaycan Qran-prisi 26 – 28 apreldə olacaq.
Terefsiz.az