“Formula-1”də lyuk qəzası haqqında – ARAŞDIRMA

0
305

“Formula-1”də lyuk qəzası haqqında – ARAŞDIRMA

Xəbər verdiyimiz kimi, dünən “Formula-1”də sərbəst yürüşlər zamanı “Uilyams” komandasının pilotu Corc Raslın bolidi lyuklardan birinin üzərindən keçərkən ciddi zədə alıb.

Terefsiz.az saytı xəbər verir ki, yarışdan əvvəl trek üzərindəki 300-ə yaxın lyuk Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən yoxlanılsa da, nöqsan aşkarlanmamışdı.

Bəs o zaman qəzaya səbəb nə oldu?

Bakı Şəhər Halqasından dünən verilən məlumatda sözügedən hadisənin yaranmasına əsas səbəb lyuk altlığında üstdən görünməyəcək şəkildə nasazlığın olması göstərildi. Bolidlər onun üzərindən hərəkət etdikcə, həmin lyuk qapağı tədricən qalxıb və nəticədə, belə bir qəzaya səbəb olub

Pilotun və bolidin durumu barədə son məlumat

Son məlumatda britaniyalı pilot özünü yaxşı hiss etdiyini bildirir. Onun açıqlaması:

“Adi qaydada gedirdim və lyukun qapağına ilişdim. Bu lyukları görməyim mümkün deyil. Maşın möhkəm silkələndi, arxada nəsə baş verdiyini hiss etdim. Atəşləyici söndüyündən, mühərrik dayandı. Həmin an nə baş verdiyini bilmirdim. Dərhal boliddən endim. Hazırda heç bir yerim ağrımır, hər şey qaydasındadır. Mən möhkəm oğlanam”.

Pilot onu da bildirib ki, trekdən evakuatorla aparılan həmin bolidin alt hissəsi çox zərər çəkdiyindən (komanda rəhbərliyi onu düzəltmək üçün çox işin və çox pulun lazım olduğunu bildirib) artıq yarış üçün etibarlı deyil və yarışa ehtiyat bolidlə çıxmalı olacaq.

“Uilyams”a dəyən zərəri kim ödəməlidir?

Bu sual da bu məsələdə aktuallıq kəsb edir. Belə bir fakt artıq əvvəlki Qran-Prilərdə də baş verib. Məsələn, uzağa getməyək.

İki il əvvəl Malayziyada keçirilən Qran-Pri zamanı sərbəst yürüş zamanı “Mercedes”in pilotu Valteri Botas trasın kənarındakı qırmızı xəttin üzərindəki drenaj çərçivəsini tərpədir. Onun maşını zərər görməsə də, arxadan gələn Romen Qrojanın idarə etdiyi “Haas” bolidinin arxa sağ təkəri sıradan çıxır. Bolid isə beton səddə çırpılır.

O vaxt “Haas” şirkəti bolidə dəyən zərərə görə sığorta şirkətindən təzminat alıb.

Həmçinin, indi “Uilyams” şirkətinə də sığorta şirkəti tərəfindən pul ödəniləcək.

Bakı Şəhər Halqasının mətbuat xidmətinin rəhbəri Nigar Arpadarainin Oxu.Az-a dediyinə görə, zərərin həcmi tam hesablandıqdan sonra qarşı tərəfə kompensasiya ödəniləcək. Hazırda FIA və “Uilyams” dəyən zərəri hesablamağa çalışır. “Uilyams” şirkətinin rəhbər müavini Kler Uilyamsın sözlərinə görə, belə presedentlər əvvəllər olduğundan, onlar təzminat istəyəcəklər.

Onu da bildirək ki, sığorta şirkəti xarici şirkətdir. Əldə etdiyimiz məlumata görə, bu, Britaniyanın hansısa şirkətidir. Məhz “Uilyams”a dəyən zərəri həmin sığorta şirkəti qarşılayacaq.

“Moto GP News”un məlumatına görə, bu, təxminən 12 milyon dollar olacaq.

Təkəri ilə marşalları tapdayan pilot cəzalandırılıb.

Nigar Arpadarai bu gün Bakı Şəhər Halqasının Tikinti Şöbəsinin rəhbəri Tom Buçerlə keçirdiyi brifinqdə bu məsələdə onlara məxsus şirkətin məsuliyyət daşımadığını bildirib. Onun sözlərinə görə, FIA-dan bununla bağlı onlara hər hansısa narazılıq gəlməyib.

“Biz treki hazır vəziyyətə gətirib Beynəlxalq Avtomobil Federasiyasına (FİA) təhvil veririk. FIA-nın mütəxəssisləri treki yoxlayıb qərar verdikdən sonra yarış keçirilir. Onun icazəsi və qərarı olmadan heç bir yürüş keçirilə bilməz”.

Tom Butçer isə deyib ki, ötən gün bundan sonrakı sessiyalarda hər hansı hadisənin baş verməsinin qarşısını almaq üçün atılmalı addımlar müzakirə edilib.

“Bakıda baş verən bu hadisə ilk deyil. Dünyanın bir çox ölkələrində keçirilən yarışlarda da belə hadisələrə rast gəlmək olur. Dünəndən biz üç iclas keçirmişik. Trekdə olan bütün kanalizasiya qapaqları çıxarılıb, yenidən quraşdırıldı. FIA-nın rəsmiləri bizim apardığımız yoxlamaları yüksək qiymətləndirdilər. Bununla da kiçik bir hadisənin yarışı kölgədə qoymasının qarşısı alındı.

Biz bu məsələni çox ciddiyə alırıq. Bununla bağlı 16 saat ərzində yoxlama aparılıb. Bildiyiniz kimi, Vyetnamda da yarışlar keçiriləcək. Həmin yarışda Azərbaycandakı görülən təhlükəsizlik tədbirləri əsas götürüləcək”.

Yeri gəlmişkən, dünən “Formula-2”nin sıralama yarışında “Prema Racing” komandasının indoneziyalı pilotu onun bolidinin getməsinə kömək edən iki marşalı təkərləri ilə tapdayıb. Pilot həmin gün yarışdan diskvalifikasiya olunub. Bunu da Nigar Arpadarai nəzərimizə çatdırıb.

İstinad: Oxu.az

Terefsiz.az