Fotoların yaşatdığı qanlı tarix

0
161

“20 Yanvar” stansiyasında 30 il əvvəlin hüzn və şərəf dolu bir tarixi xatırlanacaq

Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış 1990-cı ilin 20 yanvar gecəsi, həmin gecə fədakarlıqlar göstərmiş Bakı metropoliteninin kollektivi üçün də böyük əhəmiyyət kəsb edir, faciənin qurbanları hər il dərin hüzn və ehtiramla yad edilir.

Terefsiz.az xəbər verir ki, Yanvar ayının 17-də saat 11:00-da “Bakı Metropoliteni” QSC və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə Qanlı Yanvar tarixinin 30 illiyinə həsr olunmuş sərgi başlayacaq.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecənin faciəli səhnələrini əks etdirən tarixi kadrlardan ibarət foto-sərgi “20 Yanvar” stansiyasında nümayiş etdiriləcək.

Sərgidə həmin gecə və sonrakı matəm günlərindəki kadrları lentə almış müxtəlif fotoqrafların 50-yə yaxın foto əsəri nümayiş etdiriləcək. Tamaşaçılar  Fərid Əşrəfoğlu, Asim Talıb, Ağəli Məmmədov, Rauf Umudov, Rafiq Nağıyev,Mirnaib Həsənoğlu, Malik Şərifov,Tahir Cəfərov, Oleq Litvinin fotolarında  faciəni görəcəklər .

Sərgidə həmin dövrdə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsini təmin edən xalqın xilaskarı Ümummilli lider Heydər Əliyevin Şəhidlər xiyabanında çəkilmiş nadir fotoları nümayiş etdiriləcək. Bundan savayı, o günlərin milli xatirə rəmzinə çevrilmiş və metropolitençilər üçün xüsusi əhəmiyyət kəsb edən bir foto da nümayiş olunacaq. Həmin fotoda o gecənin günahsız qurbanlarından biri olan metro inşaatçısı Əflatun Kazımovun tabutu əlində atasının fotoşəkili ilə addımlayan bir uşaq əks olunub. İllər sonra o uşaq əmək bioqrafiyasını Bakı metropoliteninə bağlayıb və bu gün də “Nərimanov” elektrik deposunda çalışır.

Ümumən illər ötəndən sonra o tarixi bizə yaxınlaşdıran əsərlər metro sərnişinlərini biganə qoymayacaq və qazanılan azadlığın dəyərinin bir daha əyani nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Sərgi 4 gün davam edəcək.