Füzulidə 2 nəfər minaya düşərək həlak olub

0
75

Sentyabrın 30-u Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 1986-cı il təvəllüdlü Amid Əsədov və 2007-ci il təvəllüdlü Çərkəz Quluzadənin minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, aparılmış araşdırmalarla rayonun Yuxarı Dilağarda kəndində olarkən Amid Əsədov və Çərkəz Quluzadənin minaya düşmələri nəticəsində ölmələri müəyyən edilmişdir.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Füzulidə minaya düşənlər nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz yolla keçiblər.

“Terefsiz.az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin bu gün Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində minaya düşərək ölən şəxslərlə bağlı yaydığı açıqlamasında qeyd olunub.

DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, dəfələrlə işğaldan azad olunmuş ərazilərdə minaların və digər partlayıcı maddələrin olması ilə əlaqədar vətəndaşlara xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də bəzi şəxslərin nəzarət-buraxılış məntəqələrindən kənar yollarla həmin ərazilərə daxil olması faktlarına rast gəlinir.

Təəssüf ki, bu gün saat 21:00 radələrində Masallı rayon Hacıtəpə kəndində anadan olmuş Amid Əsədov və Füzuli rayon Ağaxanlı kəndində anadan olmuş Çərkəz Quluzadə Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndi ərazisinə nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz yolla keçiblər. Nəticədə erməni silahlı qüvvələri tərəfindən əvvəlcədən basdırılmış minaya düşərək hadisə yerində ölüblər.

Dərhal Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəliblər. Polis əməkdaşları tərəfindən meyitlər oradan götürülərək müayinə olunması üçün məhkəmə-tibbi ekspertizasına təhvil verilib. Hazırda faktla bağlı araşdırma aparılır.

terefsiz.az