Gəncə planı, müxalifətin terrora dəstəyi və Azərbaycanda Suriya SSENARİSİ

0
322

Azərbaycan dövlətçiliyinə qarşı terror aktı olan Gəncə hadisələrindən 1 il ötür. Həyata keçirilən istintaq tədbirləri nəticəsində ortaya çıxan faktlar bir daha təsdiqlədi ki, Gəncə hadisələri bəzi qonşu ölkələrin radikal-klerikal dairələrinin, separatçıların və ölkə daxilində siyasi fəaliyyət pərdəsi altında şəxsi ambisiyalarını həyat keçirmək istəyən qrupların birgə yer aldığı anti-Azərbaycan qüvvələri tərəfindən dövlət və milli maraqlarımıza qarşı törədilən məkrli təxribat idi. Milli təhlükəsizliyimizə qarşı həyata keçirilən bu təxribatın qarşısı qətiyyətlə alındı və bir daha sübut olundu ki, Azərbaycan dövləti milli maraqlarımıza qarşı istənilən təhlükəni dəf etmək gücündədir.

Gəncə hadisələrinin ildönümü ərəfəsində xüsusilə keçmiş Azərbaycan vətəndaşlarından ibarət olan “Hüseyniyyun” adlı terror qruplaşmasına məxsus sosial şəbəkə hesablarında və səhifələrində, o cümlədən, bəzi qonşu ölkələrin radikal dairələri tərəfindən idarə olunan saytlar və “Facebook” səhifələrində yenidən fəallaşmanın müşahidə olunması Azərbaycana qarşı məkrli planlar quran qüvvələrin öz çirkin niyyətindən əl çəkmədiklərini göstərir.

Hazırda sözügedən səhifələrdə Gəncə terrorunun əsas personajı olan Yunis Səfərovun “qəhrəmanlaşdırılması” istiqamətində təbliğat aparılır, onun Suriya döyüşlərində iştirakını əks etdirən kadrlar nümayiş etdirilir və “xalq qəhrəmanı” elan edilir, müxtəlif iddialarla öz qeyri-qanuni hərbi birləşmə yaratmalarına bəraət qazandırır, eyni zamanda Azərbaycan dövlətini açıq mətnlə məzhəb savaşı ilə təhdid edir, ölkənin çoxəsrlik dini dözümlülük mühiti, tolerant imicini şübhə altına alırlar.

Azərbaycan xalqının belə qəhrəmanı ola bilərmi?

Xalqımız Gəncə terroruna sərt reaksiya göstərərək, dövlətin ətrafında sıx birləşməklə anti-Azərbaycan qüvvələrin milli maraqlarımıza qarşı planlarının həyata keçirilməsində iştirak edən terrorçuları, vətən xainlərini qəbul etmədiyini, bundan sonra da qəbul etməyəcəyini nümayiş etdirdi. Xalqın adından danışmağa iddia edən radikal müxalifət, xüsusilə AXCP və Milli Şura isə terrorçunu “qəhrəman” hesab etməklə bir daha Azərbaycan dövlətinin və xalqının düşmənlərinin yanında yer aldıqlarını ortaya qoydular. Onlar şüurlu şəkildə qonşu ölkələrin dini dairələrinin, separatçıların və bu separatçılardan istifadə edən işğalçı Ermənistanın Azərbaycan dövlətinə qarşı qəsd planlarında yer alırlar. Bir sıra faktlar bu fikri təsdiqləyir.

Gəncə terrorunun icraçısı olan Yunis Səfərovun açıq şəkildə “qəhrəmanlaşdırmaq”, sosial şəbəkə üzərindən “Yunis Səfərov” hərəkatı təşkil etmək təşəbbüsü ilk dəfə Ermənistan xüsusi xidmət orqanlarına bağlı OTV və onun bədnam rəhbəri Zabil Məhərrəmov (Madoj) tərəfindən gündəmə gətirilib. Bu bədnam daha öncə Nardaran hadisələri ərəfəsində fəallaşmış, “Kərbübəladır Nardaran” mətləsi ilə şiə rövzələrinə bənzər radikal çağırışlar ehtiva edən şeirlər yazaraq, Azərbaycanın talışəsilli vətəndaşlarını da bu üsyana qoşulmağa dəvət etmişdi. Ordumuzun zəfər çaldığı “aprel döyüşləri” zamanı isə bu şəxs Ermənistan ordusunun hərbi uniformasını geyinərək, Azərbaycana qarşı çağırışlar etmişdi. Bu yaxınlarda Ermənistanda Zabil Məhərrəmov, Zahirəddin İbrahimi kimi xainlərin iştirak etdiyi elmi konfrans keçirildi. Ermənistan xüsusi xidmət orqanlarının Yerevan Dövlət Universitetinin iranşünaslıq kafedrasının müdiri Vardan Voskanyanın rəhbərik etdiyi və Azərbaycanda etnoslararası və məzhəblər arası sülh mühitini pozmaq üzrə ixtisaslaşmış qrupu Nardaran hadisələrinin təşkilatçısı Taleh Bağırzadəni Azərbaycanda “yaşıl inqilab”ın lideri elan edib. Taleh Bağırzadənin “Müsəlman Birliyi Hərəkatı” adlandırılan qruplaşması bu konfransa yalnız Azərbaycanda tənqidlər səsləndikdən sonra reaksiya verdi. Hərçənd, etiraz bəyanatında iddia edilir ki, “Qarabağı işğaldan azad edə biləcək potensial güc Hüseyni əqidədə olanların gücüdür”. Bu, xaricdə mənzillənən, Azərbaycan vətəndaşlarını aldadaraq İraq və Suriyadakı vətəndaş müharibəsinə cəlb edən “Hüseyniyyun” terror qruplaşmaşısının leksikonu ilə eynidir. Çünki hər iki qurum vahid mexanizmin tərkib hissələridir. Radikal müxalifət, xüsusilə Milli Şurada təmsil olunan qüvvələr “Hüseyniyyun” və “Müsəlman Birliyi” qruplaşmalarını nəinki qınamır, əksinə onları müdafiə edən bəyanatlar verir, həmin şəxsləri vicdan məhbusu siyahlarına salır, Gəncə teraktlarına görə həbs olunanların qəhrəmanlaşdırılmasına və azadlığa buraxılmasına çalışır.

Məqsəd nədir, insan haqları, demokratiya, yoxsa öz cılız məqsədilə nail olmaq üçün Azərbaycanın Suriya bataqlığına çevrilməsində iştirak etmək?

Azərbaycan dövlətinin təhlükəsizliyinə qəsd aktı olan Gəncə teraktlarından təxminən iki ay öncə – 2018-ci ilin 28 mayında ABŞ-ın nüfuzlu “Foreign Policy “nəşri “Gəncə keçidi”nin Qərb üçün əhəmiyyəti haqında yazı dərc etmiş, baş verəcək təxribatlar haqda xəbərdarlıq etmişdi. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan layihələrin əsas hissələrindən biri – TANAP-ın istifadəyə verilməsi ərəfəsində Gəncədə terror aktları həyata keçirildi. Bu faktlar təsdiqlədi ki, Azərbaycanın Avropanın enerji bazarında əsas payçı olmasını istəməyən başda işğalçı Ermənistan olmaqla regiondakı dairələr ölkəmizdə xaos yaradaraq, bu nəhəng layihələrin önünü kəsmək istəyir. Azərbaycan dövləti qətiyyətli addımlarla bu məkrli planların həyata keçməsinə imkan vermədi.

Gəncə hadisələrinin ildönümündə bəlli dairələrin yenidən aktivləşməsi, mövzunu aktuallaşdıraraq, hadisə iştirakçılarını qəhrəmanlaşdırmaq cəhdləri bu planların rəfə qaldırılmadığını göstərir. Məqsəd bu çirkin təbliğatla Azərbaycanda inanclı kəsimi fəallaşdırmaq və onları dövlətə qarşı yönəltməkdir. Özünü Qərb demokratiyasının tərəfdarı sifətində qələmə verən radikal müxalifət isə pul üçün istənilən cibə girməyə hazır vəziyyətdə eyni prosesin iştirakçısı kimi bu məkrli planda rupor rolunda çıxış edir. Bir daha təsdiq olunur ki, radikal müxalifətin “demokratiya” və “insan haqları” adı ilə pərdələdiyi “mübarizəsinin” əsl mahiyyəti anti-milli fəaliyyətdir. Onlar məqsədlərinə nail olmaq, yeni maliyyə mənbələrini əldə etmək üçün əllərində bayraq etdikləri Qərb demokratiyasını da satmağa hazırdır, Azərbaycan dövlətinin və xalqının maraqlarını da.

Sual yaranır: bu müxalifətə hansı Azərbaycan lazımdır? İnkişaf edən, güclü, demokratik Azərbaycan, yoxsa Suriya, Liviya və Yaxın Şərqin xarabalıqları altında qalmış digər belə ölkələr kimi terrorun qurbanı olan, anarxiya, özbaşınalıq, vətəndaş qarşıdurmasının hökm sürdüyü, yaxud da şəriət qanunları ilə idarə olunan dövlət?

Faktlar bu sualların cavabını aydın şəkildə verir. Qərb dəyərlərindən danışan bu müxalifət öz cılız məqsədlərinə nail olmaq üçün Azərbaycanın Suriyaya çevrilməsinə belə dəstək verməyə hazırdır. Lakin Azərbaycan xalqı heç vaxt bu çirkin niyyətlərə xidmət edən qüvvələrə imkan verməyəcək.