Gənc xanəndə Elvin Məmmədli: “Bir sıra ustad sənətkarla eyni səhnəni bölüşdüm və xeyli təcrübə qazandım”
“Buta” Azərbaycan Mədəniyyətini Yayma və Yaşatma Dərnəyinin təşkilatının həyataçirdiyi Novruz şənliyində iştirak etmiş gənc və istedadlı xanəndə Elvin Məmmədli _________ verdiyi açıqlamasında bildirib ki, bu günlərdə Ankarada keçirilən Novruz şənliklərində iştirak etmək onun yaradıcılığında yeni – yeni səhifələr açacaq. Müxbirimizlə söhbəti zamanı gənc xanəndə Elvin Məmmədli bir neçə günlük səfəri zamanı Ankaradakı həmvətənlərimiz üçün təşkil edilən konsert proqramında iştirak etməklə yanaşı, eyni zamanda bir sıra ustad sənətkarlarla eyni səhnəni bölüşdüyünü, bunun da ona çox böyük bir təcrübə qazandırdığını bildirib: “Ankara Heydər Əliyev Parkında keçirilən Novruz bayramı tədbirlərində Türkiyədə yaşayan ustad sənətkarlarımız Arzu, Möhsün və Abdullah Qurbanilər, Rafiq Əsgərov və Dəniz Musabəyli ilə eyni səhnəni bölüşmək mənim öyrənməyim və sənətə daha dərindən yiyələnməyim baxımından olduqca önəmlidir deyə düşünürəm. Bu şəraiti mənə yaradan “Buta” Azərbaycan Mədəniyyətini Yayma və Yaşatma Dərnəyinin rəhbərliyinə, şəxsən Nurlan Yusifova və o günlərdə əziyyətimi çəkən kollektivə öz dərin təşəkkürümü bildirirəm. Çalışacağam ki, bundan sonra da sənətimin sirrlərinə daha dərindən yiyələnərək onların etimadlarını doğruldum”.