” Gecikən yaza və əbədi sükuta remiks ” – Kənan Hacı

0
321

Gecikən yaza və əbədi sükuta remiks

Qara bulud gələndən
kölgələr itkin düşüb,
Günəşi gözləməkdən
üfüqlər yorğun düşüb.

Yazın vaxtın oğurlayır
qışın soyuq əqrəbləri…
dəniz hirsindən qaralıb,
çiçəklərini tökdükcə
əsir ağacın əlləri.

Süni güllər biganədir
bu pozulan nizama.
onlar bir az da bənzəyir
ruhsuz robot adama.

Aşiqlərin sevgisini
şaxta vurur,
tökürlər çiçəklərini,
gözlərindən quruyurlar
aşiqlər,
quşların səsi yağışda,
çisgində itkin düşür,
novruzgülü qar altında
yaz gözləyir, büzüşüb.

Tumurcuq çiçəklərə
ölməyi öyrədir qış.
Qışdan sonra yaz gəlmir,
qışdan yaya keçirik.
Yay da kölgəsiz gəlir,
sərin kədər içirik
göz yaşı bulağından,
biz də torpağa düşürük,
sonda – ömrün qışında.
Ömrün qışından sonra
nə yaz gəlir, nə yay gəlir,
nə payız…
yalnız
əbədi süküt…

Müəllif: Kənan Hacı