Sentyabrın 6-da SOCAR Eko parkında Photo Salon “Georgian Drag–2019” beynəlxalq fotomüsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi olub.
Terefsiz.az xəbər verir ki fotomüsabiqə Azərbaycan Fotoqraflar Birliyi (AFB) və Gürcüstan Fotoqraflar Assosiasiyası tərəfindən Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) tərəfdaşlığı və “Eko Park: Ekoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin dəstəyi ilə keçirilib.
Tədbiri “Eko Park: Ekoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin direktoru, rəssam Tahir Şıxəliyev açaraq belə bir mərasimin Eko parkda təşkilindən məmnunluğunu ifadə edib.
AFB-nin bədii işlər üzrə sədr müavini, münsiflər heyətinin üzvü Rauf Umud çıxışında sərginin əhəmiyyətindən danışıb. Bildirib ki, FIAP, GPU, GFA, AFB və Photolife salonunun 4 bölmə üzrə 157 mükafatı uğrunda mübarizəsinə 52 ölkədən 327 fotoqrafın 4733 əsəri daxil olub. Müsabiqədə Azərbaycan fotoqrafları 5 mükafat – 1 qızıl, 1 gümüş, 2 bürünc və diplom qazanıblar.
Vurğulayıb ki, AFB-nin üzvləri Şahin Sərkərov qızıl, Fərqanə Qasımlı gümüş, Aydın Mehdiyev və Nadejda Cavad bürünc medala, birliyin fəxri üzvü, Rusiya Fotoqraflar və jurnalistlər İttifaqının üzvü Svetlana Kamkova diploma layiq görülüb. Digər iştirakçılarımız Nurlan Tahirli, Rəsul Rəhimov, Aleksandr Firstov və Əzim Mehdiyev ilk turdan keçmişlər.
Qeyd etmək lazımdır ki, bundan sonar da AFB üzvləri müsabiqələrdə iştirak etməklə beynəlxalq rütbələr qazanmaq arzusundadırlar.
Tədbirdə Gürcüstan Fotoqraflar Assosiasiyasının sədri Kaxa Pxakadze və Gürcüstan Fotoqraflar Assosaoasının idarə heyətinin üzvü, “Georgian Drag–2019” salonunun katibi, fotoqraf Nino Mqebrişvili sərgi barədə öz fikirlərini bölüşərək bildiriblər ki, “Georgian Drag–2019”a təqdim olunan əsərlərin çoxluğu fotomüsabiqəyə olan marağı göstərir.
Daha sonra müsabiqənin qalibləri mükafatlandırılıb.
Sonda müsabiqə qalibləri və xarici qonaqlar Eko parkda tədbirin qonaqları ilə birlikdə ağac əkib.