Gey olmadığı üçün ərəb şahzadəsinin təzyiqinə məruz qalmış futbolçu

0
367

Grand Hotel, Kann şəhəri, 1976-ci il. İsti yay günü, liftdə iki kişi durub – biri varlı, o birisi yoxsul.

Zəngin adam şahzadə Abdullah bin Nasirdir: Səudiyyə Ərəbistanı dövlətini yaradan insanın nəvəsi və Ər-Riyad şəhərinin keçmiş qubernatorunun oğlu. Şahzadə olduqca varlı adamdır.

Yoxsul adam isə Manchester-dən futbolçu Eamonn O’Keefe-dir, onun Oldham-da bir evi var.

Hər ikisi kazinodan qayıdır. Abdullah uduzub – o həmişə uduzur.

Bu onun üçün faciə deyil, Səudiyyə şahzadəsi üçün bir neçə min dollar pul – cib xərcidir.

Eamonn qumar oynamır, lakin o udub.

İki il əvvəl o, Plymouth Argyle komandasının ehtiyat heyətində çıxış edirdi, əli aşağı idi.

İndi isə o yalnız zənginlərlə oturub-durur: təyyarədə ən bahalı yerlərdə uçur, beş ulduzlu otellərdə qalır, Avropa boyu zəngin ailələrlə səyahətə çıxır.

Liftdə Abdullah üzünü Eamonn-a tutub deyir: “Sənə nəsə demək istəyirəm”.

O, əlini Eamonn-un çiyninə qoyur və deyir: “Mən hiss edirəm ki, səni sevirəm”.

Eamonn, bir qədər əsəbli halda cavab verir: “Bir qardaş kimi nəzərdə tutursunuz?”

“Yox, – deyir Abdullah. – Qardaş kimi yox”.

Kann şəhərində həmin gün hava olduqca isti idi. Elə həmin gündən də bütün problemlər başladı.

İndi 65 yaşında olan Eamonn-un uşaqlıq və gənclik dövrü Britaniyanın müharibədən sonrakı dövrünə təsadüf edib. O, Manchester şəhərinin şimalında, Blackley-də üçotaqlı evdə böyüyüb – üç qardaşı, iki bacısı və iti ilə. Üstəlik, nənələri də onlarla birgə yaşayıb. Görəsən, onların hamısı harada yatıb?

“Hələ də başa düşə bilmirəm”, – Manchester otelində keçmişi yada salan Eamonn deyir.

Onun İrlandiya əsilli atası St Clare Catholic futbol klubunun rəhbəri olub. Onun anası klubun camaşır işlərinə baxıb: futbol formalarını yuyub-ütüləyib.

Eamonn-un evi parkdan 50 metr aralı idi, odur ki, o, hava qaralanadək futbol oynayırdı. O, əla futbolçu idi: Manchester futbol məktəbində hazırlıq keçmişdi, Manchester United-in gənclər komandasında oynayırdı – o vaxta qədər ki, Altrincham komandası ilə görüşdə ayağı sındı.

Beləcə, onun arzusuna – Old Trafford stadionunda oynamaq eşqinə son qoyuldu.

Əvəzində isə, o kuryer kimi Manchester Evening News qəzeti redaksiyasına işə qəbul olunaraq işləməyə başladı.

Ayağı sağalanda Eamonn yarı-peşəkar futbol klubu olan Stalybridge Celtic komandasında oynamağa başladı.

Onun ilk məşqçisi George Smith idi.

George Smith keçmişdə özü də futbol oynayıb, xaricdə məşqçilik edib və bu sahədə tanınıb.

George əvəllər İslandiyada Stalybridge klubunda işləyib. Bundan sonra o, Səudiyyə Ərəbistanının ən böyük klublarından biri olan Əl-Hilal klubuna keçib.

Bir müddətdən sonra Eamonn-da öz klubunu tərk edərək 500 km cənuba tərəf köçdü – Plymouth futbol klubu ilə peşəkar oyunçu kimi kontrakt bağladı.

Lakin orada o, yoxsul həyatı sürürdü – qazancı kirayə xərcini qarşılamağa ancaq çatırdı. Eamonn Plymouth klubunda bir futbol mövsumündən də az qaldı.

Günlərin bir günü Eamonn məktub alır.

Məktubun zərfindəki markanın yazıları isə ərəbcə idi.
Məktubu George Smith yazmışdı. O, Eamonn-dan xahiş edirdi ki, Eamonn bir aylığa da olsa Səudiyyə Ərəbistanına gəlib oraları görsün. Xoşuna gəlsə və istilərə tab gətirə bilsə, o, Əl-Hilal futbol klubunun ilk avropalı legioneri kimi kontrakt bağlaya bilərdi.

“Noyabr ayı idi. Manchester-də , deyəsən, qar yağırdı, – deyir Eamonn. – Düşündüm ki, heç də pis təklif deyil”.

Lakin onu Səudiyyə Ərəbistanına çəkən təkcə hava deyil idi. Eamonn evli idi, onun iki uşağı var idi. O düşünürdü ki, Səudiyyədə iş ona evi ipoteka krediti üzrə borcunu daha tez müddətə ödəyib qurtarmağa imkan verə bilər.

O, əvvəlcə Londona yollandı, oradan isə Qahirə və Ciddədən keçərək Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərinə uçdu.

Ciddəyə çatdıqda o, artıq anladı kı, fərqli bir aləmə gəlib.

Səudiyyə rəsmiləri onun əlindən Sunday Express qəzetini alaraq, oradakı şəkillərdə qadın təsvirlərini elə qayçılayıb doğradılar ki, həmin şəkillərdə yalnız qadınların baş hissəsi qaldı.

Bu, hələ harasıdır, Eamonn deyir, onun qonşuluğunda oturan digər bir sərnişinin əlində News of the World qəzeti var idi.

Eamonn mədəni şok almaqda davam edirdi. Ər-Riyad aeroportunda George nəhəng Buick avtomobilində oturub onu gözləyirdi.

Evdə isə Eamonn Morris Mini balaca bir avtomobil sürürdü.

Manchester-də balıqla qızardılmış kartof yeməyi yeyəndə özünü göyün yeddinci qatında hissə edən Eamonn indi Ər-Riyadda beşulduzlu oteldə pulsuz yeyib-içə bilirdi.

İngiltərədə yoxsulluq içində yaşayan 22 yaşlı Eamonn indi sanki alternativ bir aləmdə özünü hiss edirdi.

Üfüqədək gözü gördüyü qədər uzun palma ağacları, səhra qumu və ya isti hava deyildi – üfüqədək uzanan adı sərvət idi.

1960-cı ildə Opec təşkilatının yaradılması, 1973-cü ilin neft böhranı Səudiyyə Ərəbistanının iqtisadiyyatında bumun başlamasına səbəb oldu. 1970-1980 illərdə ölkə iqtisadiyyatının artımı 3000 faizdən çox oldu. Sözün əsl mənasında Səudiyyə Ərəbistanı neftdə çimirdi, ciddi adamlar isə böyük pullara sahib olmuşdu.

Eamonn da onlardan biri ilə görüşməli idi.

İlk olaraq Eamonn Ər-Riyadda şahzadə Abdullah bin Nasirlə Əl-Hilal klubunun məşqlər üçün ayrılmış stadionunda görüşdü.

Eamonn hələ də sınaq dövründə idi, meydançada futbol oynayırdı. Bu zaman klubun prezidenti olan Abdullah göy rəngli Buick avtomobilində stadiona gəlib maşınını saxladı.

Eamonn avtomobilin pəncərəsinin şüşəsinin endiyini və Abdullah-ın gözlərinin ona zillədiyini hiss etdi.

Bu zaman George Eamonn-a dedi: “Oradakı o maşını görürsən? Mənim dostumdur – prezidentdir. Sənə kontrakt verilib-verilməyəcəyi ondan asılıdır. Diqqətli ol!”

Bu anda top sağ cinahdan uçub Eamonn-un qabağına gəldi . Eamonn topa tərəf cumub topu qapıya göndərdi.

“Top qapının yuxarı küncünə güllə kimi girdi”, – Eamonn 40 il bundan əvvəl baş verənləri xatırlayır.

Beş dəqiqədən sonra top sol cinahdan gəldi. Yenə də Eamonn topa çatıb onun qapının yuxarı küncünə göndərdi.

Oyuna yenidən start verilməsini gözləyən zaman George Eamonn-un qulağına pıçıldadı: “Nəyi nəzərdə tuturdunsa, indi ona daha bir sıfır əlavə et”.

Oyundan sonra Eamonn, hələ də tərin içində, şahzadə ilə görüşə getdi. Abdullah ondan oteldən razı qalıb-qalmadığı ilə maraqlandı; Eamonn oteldən razı idi və bunu şahzadəyə bildirdi.

“Onda get otelə və sənə nə lazım olduğunu yaz”, – şahzadə ona dedi.

Eamonn və George siyahı tutdular: pul, avtomobil, mənzil, İngiltərəyə uçuşlar, Eammon-un iki uşağı üçün özəl məktəbin təmin olunması. Şahzadə növbəti dəfə məşqlərə gələndə George siyahını Abdullaha təqdim etdi.

“Problem deyil”, – şahzadə dedi.

İngiltərədə Eamonn həftədə 40 funt sterlinq qazanırdı, futboldan da əlavə olaraq daha 15 funt gəlirdi.

Səudiyyədə isə onun həftəlik qazancı təxminən 140 funt idi – indiki pulla bu, inflyasiyanı da nəzərə alaraq 1,100 funt edir.

Və heç bir vergi və hansısa kommunal xərclər ödəmək lazım gəlmirdi.

Kontraktını razılaşdırandan sonra Eamonn Manchester-ə qayıdıb, şələ-küləsini yığıb ailəsilə birlikdə Ər-Riyada qayıdır.

İlk əvvəl o, ailəsilə oteldə pulsuz qalır.

“Hesablar dəhşətə gətirirdi, lakin heç bir problem heç vaxt yaranmırdı”, – Eamonn deyir.

Onun arvadı bankda yüksək maaşı olan işə düzəlir.

Əl-Hilal klubunda məşqlər həftədə iki dəfə olduğundan, Eamonn boş vaxtlarını hovuzda keçirir, uşaqlarına baxır, George ilə futbol haqqında söhbət edir. O, həmin dövrü özünün səhrada xoşbəxt günləri kimi xatırlayır.

Ən əvvəldən Abdullah Eamonn-u bəyənib. O, Eamonn üçün avtomobil aldı – “gümüş rəngində Pontiac Ventura” – və tez-tez onu çay içməyə dəvət edərdi.

Onlar futbola böyük ekranı olan televizorda baxardılar və ya Abdullah-ın qardaşları ilə söhbətləşərdilər.

Bu, bir qədər qeyri-adi görünsə də – sarışın saçlı ingilis Səudiyyə kral sarayında – Eamonn bu cür vəziyyətdən həzz alırdı.

Eamonn gənc və özünə inamlı idi. Səudiyyəlilərin təvazökarlığı isə onun üçün gözlənilməz idi.

Müəyyən mənada, Səudiyyə ona doğma Manchester-i xatırladırdı, fərq isə bir onda idi ki, bu ölkəni idarə edənlər onun dostları idi.

Futbol meydançasında da Eamonn-un işləri yaxşı gedirdi. Onun komandası Kral kubokunda yarım-finaladək irəliləmişdi. Lakin növbəti mərhələdə cərimə zərbələrində Əl-Nəsr komandasına uduzmuşdu.

Səudiyyə Ərəbistanında Eamonn-un xoşlamayan cəhətlər də olub, misal üçün bir dəfə o, maşınında uşaqları ilə ictimai cəza verilən yer olan meydanın yaxınlığından sürüb gedib.

Orada isə kimi isə qamçılama ilə cəzalandırırdılar.

Amma belə hallar istisna olmaqla Səudiyyədə həyat onun xoşuna gəlirdi.

Futbol mövsümü bitəndə O’Keefe-lər İngiltərəyə məzuniyyətə döndülər.

Onlar yola düşməkdən əvvəl Abdullah Eamonn-dan onun ev telefon nömrəsini istədi.

“Mən də İngiltərəyə gəlməyi planlaşdırıram, – şahzadə dedi. – Gərək görüşək”.

İgiltərədə üç həftə olduqlarından sonra Abdullah-dan zəng gəldi.

Abdullah Eamonn-un anasının evinə zəng etdi, O’Keefe-lər o evdə qalırdılar.

Abdullah zəng edəndə Eamonn evdə olmayıb, odur ki, şahzadə ilə onun anası danışıb.

Bundan sonra Eamonn Abdullaha zəng edib – şahzadənin Londonda qaldığı Carlton Tower otelinə.

İki gündən sonra Eamonn qatarla Euston vağzalına gəlir. Onu orada sürücü qarşılayır.

Londonda Eamonn yenidən Səudiyyə pullarının gen-bolluğunu görür.

O, şahzadənin altı ədəd Cecil Gee kostymu aldığının şahidi olur, Grosvenor otelində ağəlcəkli adamın tualet kabinlərinin yanında niyə durduğundan təəccüblənir (“Onlar axı, ayaqyoluna getməyə kömək etmirlər, yoxsa edilər?”)

Abdullah-ın köməkçilərindən birinə yeni ayaqqabı lazım olanda, Eamonn-a 200 funt verib bir cüt ayaqqabı almağa göndərdilər.

O, Marks&Spencer-ə gedib oradan qayıdanda da 150 funt pulu qaytarıb.

“Fərqli aləmdir”, – Eamonn deyir.

Bundan bir qədər sonra həmin köməkçi Ər-Riyada döndü.

Odur ki, Abdullah Eamonn-dan soruşdu ki, onun Avropa səfərində həmin köməkçini əvəzləmək istəyirmi.

Səyahətin növbəti məntəqələri Paris, Kann, Roma, sonra isə Qahirə və nəhayət Səudiyyə olmalı idi. Abdullah-ın arvadı mebel almaq istəyirdi; şahzadə isə Avropa kazinolarında qumar oynamaq həvəsində idi.

Eamonn-un arvadı və uşaqları qaynanası ilə Uelsə getməyə hazırlaşırdılar.

Artıq bir həftədən sonra Eamonn Heathrow aeroportunda səfərə hazır vəziyyətdə idi.

Səudiyyəli şahzadə ilə Blackley-dən olan Eamonn arasında dostluq münasibətləri quruldu.

“Aramızda əla münasibətlər var idi; bütün vaxtımız deyib-gülərək keçirirdik, – Eamonn deyir. – Mənə elə gəlir ki, o, yaltaqlanan ətrafından bezmişdir”.

Parisin Charles de Gaulle aeroportunda Səudiyyə şahzadəsini və onu müşayiət edən adamları səfir qarşılamışdı.

“Avtomobillərin üzərində bayraqlar sancılmışdı”, – Eamonn deyir.

Abdullah görüşlər keçirən zaman Eamonn-a qorumaq üçün çanta verdi.

Eamonn qəhvə və şokolad götürüb onu VIP zonada gözlədi və axırda çanta ilə birlikdə Parisə aparıldı.

Bir saatdan sonra onun otel otağında telefon zəng çaldı. Abdullah çantanı soruşdu, odur ki, Eamonn aşağı, onun otağına düşdü ki şahzadənin çantasını ona çatdırsın.

Şahzadə çantanın qıfıllarını açdı və Eamonn-a çantanın içindəkini göstərdi: minlərlə və minlərlə Fransa frankı.

“Belə çantaları bəzən televiziya filmlərində görmək olur – içi pulla dolu çanta, – Eamonn deyir – Qəhvə alanda mən onu oturacaqda qoyub getdim. İtirsəydim təsəvvür edirsən nə olacaqdı?”

Həmin gecə Eamonn Sena çayında dibi şüşədən olan qayıqda nahar etdi, sonra otelin eyvanından şəhərə seyr edib şirin yuxuya getdi. Lakin həmin o şirin yuxu uzun çəkmədi.

İki gündən sonra onlar Kann şəhərinə uçub kazinoya getdilər və yuxarıda qeyd olunmuş liftə girdilər.

Abdullah öz etirafını ona etdikdən sonra, Eamonn xatırlayır ki, liftin içərisi sanki ona dar görsəndi.

Şahzadə ona hislərini açdığına görə Eamonn da ona öz sözünü açıq dedi. O, gey deyildi.

Eamonn futbolçu idi, vəssalam.

Liftin qapıları açılanadək Eamonn-a elə gəldi ki, 15 saniyə bir ay çəkdi.

“Dəhşətli soyuqluq yaranmışdı”, – o xatırlayır.

Həmin anda onun üçün səyahət başa çatdı. Vəziyyət dəyişdi, marşrut da dəyişdi.

Romada üç gün əvəzinə onlar cəmi bir gün qaldılar.

Qahirədə dayanmaq əvəzinə birbaşa Ər-Riyada gəldilər.

“Sanki bir buz əmələ gəlmişdi”, – Eamonn xatırlayır.

Eamonn pərt olsa da, narahat deyildi. Liftdə Abdullah ona demişdi ki, onların münasibətləri “prezident və oyunçu” halına qayıdacaq və Eamonn ona inanmışdı.

“Mənim ağlıma belə gəlmirdi ki, mən təhlükədəyəm, – o deyir. – Mənim əlimdə kontraktım var idi, münasibətlər normal vəziyyətinə gəlməli idi”.

Ər-Riyada qayıtdıqdan sonra vəziyyət dəyişdi. Səudiyyə Ərəbistanında homoseksuallıq qeyri-qanunidir, kral ailəsinin gücü isə ölçüsüzdür.

Eamonn Abdullah-ın sirrini açan deyildi – bəs Abdullah necə, ona təzyiq göstərmək istəyərdimi?

Eamonn özünü narahat hiss edirdi, təlaş, bəlkə də, paranoya hissi keçirirdi.

O, əhvalatı George-a danışmaq istədi ki, bir rahatlıq tapsın. Lakin ürəyini ona açandan sonra da rahatlıq tapmadı.

“Ay axmaq, onlar bunu belə qoymayacaqlar”, – George dedi.

Rochdale-də yaşayan George Smith-in indi 84 yaşı var; o hələ də futbolu izləyir və məşqçi karyerasında baş verənləri bəzən xatırlayır.

George xatirəsində Eamonn qalıb. O, Eamonn şahzadə ilə Avropaya səfərə çıxandan da əvvəl bir qədər narahat idi.

O hesab edir ki, Eamonn Abdullah ilə birgə həddindən artıq çox vaxt keçiridi, digər tərəfdən də, Abdullah Eamonn üçün olduqca çox pul xərcləyirdi.

George Kann şəhərində baş verən hadisə barədə eşidəndə Eamonn-a Səudiyyəni tərk etməyi məsləhət gördü.

“Hər şey ola bilər”, – o deyir.

Eamonn ölkənin ən yüksək rütbəli şəxslərindən biri barədə sirr bilirdi və bu, onun üçün təhlükəli vəziyyət yaradırdı.

Onun 22 yaşı var idi və o, qorxu hissi keçirirdi. Onun ailəsi İngiltərədə idi və onların geri dönməsini o istəmirdi.

Lakin ölkəni tərk etmək üçün lazım olan vizanın alınması şahzadə Abdullahdan asılı idi.

Eamonn yalan danışmaq qərarına gəlir.

O, Abdullaha deyir ki, atası xəstədir və bu səbəbdən İngiltərəyə getməlidir.

Şahzadə onu sorğu-suala tutur.

“Bu, Fransaya görədirmi? – şahzadə soruşur. – Mən inanmıram ki, sən geri qayıdacaqsan”.

Eamonn Abdullah-ı düz danışdığına inandırmağa çalışır.

Şahzadə qələm və kağız götürüb ərəbcə bir mətn yazır. Kağızdakı yazıda deyilir ki, Eamonn evə qayıda bilər, lakin yalnız bir həftəliyə.

Abdullah həmin kağızı Eamonna imazalamaq üçün uzadır.

Eamonn ərəbcə bilmədiyindən həmin kağıza imza atmaq istəmir.

Son anda o, bir fənn işlədir.

“Mən ərəbcə oxuya bilmirəm, amma sizə inanıb bu kağıza imza atmalıyam – lakin siz mənə inanmırsınız, nə olar ki, qoy, olsun”, – Eamon deyərək əlini qələmə uzadır.

Bu sözlərdən sonra yazdığı kağızı götürüb cırır və səbətə atır.

Sabahısı gün Eamonn aeroporta gəlir.

Təyyarəsi Londonda endikdən sonra Eamonn sevinc hissi keçirir, lakin onun problemləri bitmir.

İngiltərədə futbolçu karyerasını davam etdirmək üçün Eamonn İngiltərə Futbol Assosiyasında qeydiyyatdan keçməli idi.

Bunun üçün isə o, Səudiyyə Ərəbistanı ilə haqq-hesabı yekunlaşdırmalı idi.

Səudiyyə tərəfi ona ödənməsi tələb olunan böyük miqdarda hesab göndərdi.

Eamonn hiss edirdi ki, təqdim olunmuş böyük pul məbləği Abdullahın ona qarşı qisasıdır.

1976-cı il noyabrın 22-də Eamonn-a Londondan teleqram gəldi: Səudiyyə futbolunun yeni başçısı Jimmy Hill təcili olaraq zəng etməyi xahiş edirdi.

1976-cı ildə Jimmy Hill İngiltərə futbolunun ən tanınan simalarından biri idi.

Tələb olunduğu kimi Eamonn Jimmy Hill-ə zəng vurdu.

Eamonn-un atası həmkarlar ittifaqının fəalı Fifa-ya dedi ki, Kannda baş verənlər barədə dünyanı agah etməyə hazırdır.

Bundan iki həftə sonra Altrincham-da George və Eamonn-un tanışı olan Əl-Hilal nümayəndəsi ilə Eamonn arasında görüş keçirildi.

“Mən ailəmi təhlükə altına sala bilmərəm”, – həmin görüşdə Eamonn bütün ciddiyyətlə bildirdi.

Mübahisələr içində keçən görüşdən bir həftə sonra Səudiyyə tərəfi nəhayət Eamonn-a tələb olunan sənədləri göndərdi.

Beləliklə, Eamonn-un Səudiyyə macəraları sona çatdı.

İngiltərəyə qayıtdıqdan sonra Eamonn yarı-peşəkar Mossley futbol klubunda çıxış etməyə başladı.

1979-cu ildə Eamonn Everton klubuna keçdi. Onun bu klubda kontraktının dəyəri 25000 funt təşkil edirdi.

O eləcə də 1985-ci ilədək beş dəfə İrlandiya Respublikası yığmasının tərkibində çıxış edib, o cümlədən, Wembley stadionunda İngiltərə yığmasına qarşı matçda da iştirak edib.

Abdullah 1981-ci ilədək Əl-Hilalın prezidenti olub.

Eamonn-dan sonra onun klubuna Braziliyanın məşhur futboçusu, Dünya Kubokunun qalibi Rivellino gəlib.

Bu klub indi Asiyanın ən güclü futbol klublarından biri sayılır.

Səudiyyə hökumətinin nəzdində olan Beynəlxalq Əlaqələr Mərkəzi və Əl-Hilal futbol klubu Eamonn-un əhvalatı barədə şərh verməkdən imtina ediblər.

Şahzadənin indiki durumu barədə çox az məlumdur – axı, o, yüzlərlə şahzadələrdən biridir.

Abdullahın babası – İbn Səud ölkəni quranlardan biridir – onun 45 oğlu olub. Abdullah onlardan birinin oğludur.

Səudiyyə ekspertlərindən biri BBC-yə bunları deyib: “Onlar çox qapalı həyat sürürlər, araşdırmaçı mətbuata qarşıdırlar”.

Səudiyyə hökuməti Abdullahın sağ olub-olmadığını bildirməyib, lakin Əl-Hilal vebsaytı onun öldüyünü güman edir.

Yaxın Şərq jurnalisti BBC-yə bildirib ki, o, 2007-ci ildə vəfat edib, daha bir jurnalist onun ehtimalən 2006-cı ildə öldüyünü qeyd edib.

Ərəbcə Wikipedia səhifəsinin yazdığına görə, Abdullah-ın üç arvadı və yeddi övladı olub.

Eamonn hazırda təqaüddədir və Manchester yaxınlığında yaşayır. O, 2017-ci ildə xərçəngdən müalicə olunub və hazırda vəziyyəti yaxşılaşır.

O, ara-bir Everton klubuna baş çəkir, karyerasına aid xatirələrilə bölüşür.

Uzun illər ərzində Səudiyyə barədə danışmaqdan çəkinib, nə vaxtsa yaşadığı travmanı təzələmək istəməyib.

Lakin indi, həmin hadisələrin üstündən 40 il keçdikdən sonra o, bu barədə danışmağa hazırdır.

Ən çox istədiyi odur ki, Səudiyyədəki komanda yoldaşları onun klubdan ayrılmasının səbəblərini bilsinlər.

“Səudiyyədə keçirdiyim vaxtı xatırlamağı xoşlayıram – o cür həyatı necə sevməyəsən? – o deyir. – Hər şey inanılmaz dərəcədə yaxşı idi. Biz orada hamımız xoşbəxt idik”.

Səkkiz il bundan əvvəl Eamonn avtobioqrafiya kitabını yazıb.

Kitabın adı Eamonn-un futbola başladığı St Clare’s Catholic klubundan Səudiyyə macəralarınadək ömür yolunu çox dəqiq tərzdə əks etdirir:

Məni İstədiyim Yalnız Futbol Oynamaq idi.

Fotoların müəllifi: Jon Parker Lee