Terefsiz.az saytı xəbər verir ki, Made by Google tədbiri çərçivəsində Google şirkəti sonunda Pixel 4 və Pixel 4 XL smartfon modellərini təqdim etdi.
Beləliklə, Pixel 4 və Pixel 4 XL modelləri həm xarici görünüşcə həm də texniki göstəricilər üzrə eynidirlər. Smartfonları sadəcə olaraq ekran ölçüləri və batareya həcmləri fərqləndirir. Yeni Pixel modellərinin ekranları üzərində heç bir çıxıntı hissə yoxdur. Buna görə də smartfonların ön panellərinin böyük hissəsini məhz ekranlar əhatə edirlər. Lakin çıxıntı yeri əvəzinə yeni Pixel modellərinin ekranlarının yuxarı hissəsində bir qədər qalın çərçivə yerləşdirilib. Həmin çərçivədə ön kameradan əlavə olaraq ötürücülər sistemi, istifadəçi üzünün skan texnologiyası və istifadəçi əllərinin izlənməsi sistemi yerləşiblər.
Yeni Pixel modellərinin əsas özəliklərindən biri də Motion Sense funksiyası olub. Xüsusi Soli Radar sensoru smartfon üzərində olan əl hərəkətlərini təyin etməyi bacarır. Bunun sayəsində istifadəçi smartfon ekranına toxunmadan musiqini dəyişə, zəngli saatı deaktiv edə və ya digər əməliyyatları yerinə yetirə bilər. Soli Radar sayəsində istifadəçi öz əlini smartfona yaxınlaşdırıb onu götürmək istəyən zaman ekran avtomatik olaraq blokdan çıxır.
Əsas texniki göstəricilərə gəldikdə isə Pixel 4 modeli Full HD+ keyfiyyətli 5.7 düym OLED ekran, Snapdragon 855 prosessoru, Adreno 640 qrafik sürətləndirici, 4 GB RAM, 64/128 GB daxili yaddaş həcmi, 12 MP (f/1.7 diafraqmalı, OIS + EIS) + 16 MP (f/2.4 diafraqmalı, OIS + EIS, ikiqat optik zoom) ikili arxa kamera, 8 MP-lik (f/2.0 dafraqmalı) ön kamera və 2800 mAh enerj tutumlu batareya ilə təchiz olunub.
Pixel 4 XL modelinə gəldikdə isə əvvəldə də deyildiyi kimi o, adi Pixel 4-dən sadəcə olaraq ekran ölçüsü və batareya həcmi ilə fərqlənir.
Belə ki, Pixel 4 XL modeli QHD+ keyfiyyətli 6.3 düym OLED ekran və 3700 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Əvvəlki modellərdə olduğu yeni modellərdə də şirkət əsas diqqəti foto və videoçəkilişə ayırıb. Yeni smrtfonlarda işıqlı və qaranlıq sahələr üçün ayrı-ayrı ekspozisiyaların ayarlanması funksiyası əlavə olunub. İndiyə qədər heç bir smartfonda bu funksiya reallaşdırılmamışdı. Bununla yanaşı, HDR+ rejimində çəkiliş zamanı smartfon ekranında fotonun final versiyasının necə görünəcəyi də əks olunur.
Keçən il təqdim edilmiş Night Mode rejimi daha da təkmilləşdirilib. Beləliklə, həmin rejim daha sürətli çalışır. Bütün bunlardan əlavə yeni Pixel modellərinin kamera özəlliklərinə astrofoto özəlliyi əlavə olunub. Onun sayəsində istifadəçi gecə vaxtı göy üzünün fotosunu yüksək keyfiyyətdə çəkə bilər. Şirkət bildirib ki, bu cür fotoların əldə olunması üçün istifadəçi smartfonu ştativin üzərinə qoymalıdır. Yəni çəkiliş zamanı smartfon ümumiyyətlə tərpənməməlidir. Beləliklə smartfonlar 24 oktyabr tarixində satışa çıxacaqlar. 64 GB daxili yaddaşa sahib Pixel 4 modeli 799$-a, 64 GB daxili yaddaşa sahib Pixel 4 XL modeli 899$-a, 128 GB daxili yaddaşa sahib Pixel 4 modeli 899$-a, 128 GB daxili yaddaşa sahib Pixel 4 XL modeli isə 999$-a satılacaq.
Terefsiz.az