Görkəmli yazıçı-dramaturq, professor Aqşin Babayev 10 iyun 2020-ci ildə səhər saatlarında dünyasını dəyişib.
A.Babayev 1936-cı ildə doğulub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində(1959) təhsil alıb.
O, tələbəlik illərindən əmək fəaliyyətinə başlayıb, respublika radiosunda çalışıb. Uzun illər Televiziya və Radio Verilişlərinin Bədii Şurasına rəhbərlik edib, mahnı və diktor müsabiqələrində münsiflər heyətinin sədri olub.
1 mart 1991-ci ildə Milli Məclisdə yaradılan mətbuat xidmətinin ilk rəhbəri də Aqşin Babayev olub.
Yazıçının ilk hekayəsi 1958-ci ildə “Oktyabr işıqları” almanaxında çap olunub. Onun “Kişilər az yaşadı” kitabı Moskvanın “Sovetski pisatel” nəşriyyatı tərəfindən 30 min nüsxə tirajla nəşr edilib.
A.Babayevin dramaturq kimi ilk əsəri 1955-ci ildə tamaşaya qoyulub, pyesləri Musiqili Komediya, Rus Dram, Gənc Tamaşaçılar, Bələdiyyə, Sumqayıt Musiqili Dövlət Dram teatrlarında oynanılıb.
Onun ssenarisi əsasında “Nekroloq”(2001), “Dəvətnamə”(2003), ”Yol” (2003), ”Mükafat” (2004) bədii televiziya filmləri çəkilib.
“Azərbaycan kino sənətində ədəbi əsərlərin təcəssümü” (A.Kazımzadə ilə birlikdə), “Kino…kino”, “Kino sənətinin təməl daşı” kitablarını sənətsevərlər maraqla qarşılayıblar.
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından mərhumun ailəsinə başsağlığı verir, səbr diləyirik.